SSRİ-də ən cəsarətli qarətlərindən biri: milis, DTK və ordu əməkdaşları necə quldura çevrildilər?backend

SSRİ-də ən cəsarətli qarətlərindən biri: milis, DTK və ordu əməkdaşları necə quldura çevrildilər?

1986-cı il noyabrın 14-də, düz 40 il əvvəl, Moskvanın qərbində, Mojaysk şossesində yerləşən “Molodyojnı” univermağının qarşısında paytaxtı silkələyən qanlı hadisə baş verdi. Həmin axşam mağazadan çıxan alıcıların gur olduğu bir vaxtda silahlı üç nəfər inkassatorlara hücum etdi. Onlardan biri zabit formasında idi. Cinayətkarlar inkassator briqadasını gülləbaran etdikdən sonra içərisində 330 min rubl olan pul kisəsini götürərək hadisə yerindən qaçdılar. Sovet dövrünün ölçüləri ilə bu, fantastik məbləğ hesab olunurdu.

Hadisə baş verən kimi Moskvada həyəcan təbili çalındı. Həmin vaxt Moskva Şəhər Partiya Komitəsinin birinci katibi olan Boris Yeltsin şəxsən hadisə yerinə gəldi. Paytaxtın səmasında milis helikopterləri dövrə vurmağa başladı.

Bir sutka keçməmiş əməliyyatçılar cinayətkarların izinə düşdülər. Lakin istintaqın ortaya çıxardığı həqiqət hüquq-mühafizə orqanlarının rəhbərliyini dəhşətə gətirdi. Məlum oldu ki, quldur dəstəsi adi cinayətkarlardan deyil, vaxtilə dövlətin təhlükəsizlik və hüquq-mühafizə strukturlarında çalışmış şəxslərdən ibarətdir. Onların arasında keçmiş DTK əməkdaşı, cinayət axtarışı idarəsinin sabiq əməkdaşı və fəaliyyətdə olan ordu zabiti də vardı.

Silahlı hücumun arxasında kimlər dayanırdı?

1980-ci illərin ortalarında SSRİ-də inkassasiya xidməti ciddi təhlükəsizlik təminatlarından məhrum idi. Moskvada hər axşam on milyonlarla rubl adi, yaşıl-ağ rəngli RAF-2203 mikroavtobusları ilə daşınırdı. Bu avtomobillərin heç bir zirehli müdafiəsi yox idi. Nazik metal kuzov, sadə qapı qıfılları və əməkdaşların belindəki TT tapançaları onların təhlükəsizliyini təmin etməli idi.

Hücumun təşkilatçısı, Moskva Cinayət Axtarışı İdarəsinin (MUR) keçmiş əməkdaşı İqor Kniqin bu sistemin bütün zəif cəhətlərini yaxşı bilirdi. O, keçmiş milis həmkarı, xidməti pozuntulara görə orqanlardan qovulmuş Valeri Fineyevlə, SSRİ DTK-nın keçmiş əməkdaşı Konstantin Qolubkovla və həmin vaxt orduda xidmət edən, rota komandirinin siyasi işlər üzrə müavini, baş leytenant Yevgeni Subaçovla birlikdə hücumun planını hazırlamışdı.

Onlar üzlərini maska ilə gizlətməyi belə lazım bilməmişdilər. Əksinə, Subaçovun zabit forması cinayətkarlar üçün mükəmməl örtük rolunu oynayırdı. İnsanların sıx olduğu yerdə hərbi geyimdə görünən şəxs heç kimin şübhəsini cəlb etmirdi.

Saat 21:00 radələrində inkassatorların RAF mikroavtobusu univermağın xidməti girişinə yaxınlaşdı. Sürücü və inkassatorlardan biri avtomobildə qaldı. Briqadanın rəhbəri isə gün ərzində mağazada toplanmış pulu yerləşdirdikləri ağır brezent kisəni götürərək çölə çıxdı.

Həmin vaxt yaxınlıqdakı avtobus dayanacağına 29 yaşlı milis serjantı Vera Alfimova da gedirdi. O, növbəsini yenicə başa vurmuşdu.

Elə həmin an atəş səsləri eşidildi. Hücumçular inkassatorlara yaxın məsafədən atəş açdılar. Yuri Novikov və Aleksandr Mişin hadisə yerində öldürüldü, üçüncü inkassator isə ağır yaralandı.

Yaxınlıqda olan, lakin üzərində xidməti silahı olmayan Vera Alfimova cinayətkarların qarşısını kəsməyə cəhd göstərdi. O, hadisə yerində həyatını itirdi.

330 min rubl olan kisəni ələ keçirən quldurlar onları gözləyən “Jiquli” markalı avtomobilə minərək gecə qaranlığında yoxa çıxdılar.

Cinayətkarların özlərini ələ verməsi

Hadisədən sonra Moskvanın bütün milis qüvvələri, DTK və prokurorluq ayağa qaldırıldı. İstintaqa SSRİ Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə tanınmış müstəntiq İssa Kostoyev rəhbərlik edirdi.

Cinayətkarlar heç bir iz buraxmadıqlarına əmin idilər. Lakin onların sonunu öz tamahları və həyəcanları gətirdi.

Şəriklərin pulu gizlətmək üçün Moskvaətrafı əraziyə gedərkən avtomobili yol polisi əməkdaşları tərəfindən sənəd yoxlanışı məqsədilə saxlanıldı. Baqajda cinayət pullarının olduğunu bilən quldurlar polis əməkdaşının bunu aşkar edəcəyindən qorxaraq atəş açdılar. Nəticədə milis əməkdaşı öldürüldü, cinayətkarlar isə avtomobili ataraq qaçdılar.

Bu hadisə istintaq üçün mühüm ipucuna çevrildi. Əməliyyatçılar qısa müddətdə cinayətkarların əlaqələrini müəyyənləşdirdilər. Cəmi bir sutka ərzində dəstənin bütün üzvlərinin kimliyi üzə çıxarıldı.

Araşdırma zamanı daha bir dəhşətli fakt aşkarlandı: İqor Kniqin və Valeri Fineyev bir il əvvəl də xidməti silahı ələ keçirmək məqsədilə milis post patrul xidmətinin əməkdaşını öldürüblərmiş.

Qanlı dəstənin sonu

Cinayətkarların yaxalanması ilə bağlı əməliyyat çox çəkmədi. Əməliyyatçılar girov götürdüyü şəxslə birlikdə barrikada quraraq istilik-qazanxanasında gizlənən Kniqinin olduğu ərazini mühasirəyə aldılar. Çıxış yolunun olmadığını anlayan Kniqin intihar etdi.

Həmin gün dəstənin digər üzvləri də saxlanıldı.

1987-ci ilin payızında Moskva Hərbi Dairəsinin hərbi tribunalı Valeri Fineyevi ölüm cəzasına məhkum etdi. Hökm 1988-ci ildə icra olundu. Dəstənin üzvlərindən biri olan, orduda siyasi işlər üzrə zabit Yevgeni Subaçov isə 10 il müddətinə azadlıqdan məhrum edildi.

Milis serjantı Vera Alfimova ölümündən sonra Qırmızı Ulduz ordeni ilə təltif olundu.

Qanlı hadisədən sonra inkassasiya sistemi dəyişdi

“Molodyojnı” univermağının qarşısında baş verən faciə sovet rəhbərliyi üçün ciddi xəbərdarlıq oldu. 1986-cı il noyabrın 14-dəki hücumdan sonra SSRİ-də zirehli inkassasiya avtomobillərinin hazırlanması üçün təcili müsabiqə elan edildi.

Beləliklə, sovet şəhərlərinin küçələrində ilk qorunan inkassasiya maşınları görünməyə başladı. Onların arasında Fransanın Labbe və İtaliyanın Fontauto şirkətləri ilə birgə hazırlanmış RAF bazalı zirehli furqonlar, eləcə də zirehli “KamAZ” avtomobilləri vardı.

Lakin bu hadisənin cəmiyyətdə yaratdığı ən böyük sarsıntı təkcə inkassasiya xidmətinin təhlükəsizliyi ilə bağlı deyildi. İnsanlar ilk dəfə bu qədər açıq şəkildə gördülər ki, dövlətin güc strukturlarında xidmət etmək, hərbi forma geyinmək və xidməti vəsiqə daşımaq heç də həmişə dürüstlük və sədaqət demək deyil.

Sonralar geniş yayılacaq “paqonlu canavarlar” ifadəsi də məhz bu cür cinayətlərin yaratdığı ictimai sarsıntı fonunda yaddaşlarda möhkəmləndi.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*