Müharibədə yeni mərhələ: Avropa hərbi missiyası Ukraynaya daxil olurbackend

Müharibədə yeni mərhələ: Avropa hərbi missiyası Ukraynaya daxil olur

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq Ukraynada fəaliyyət göstərən hərbi təlim missiyası EUMAM Ukraine-ın birbaşa Ukrayna ərazisində işləməsinə rəsmi icazə verib.

Qərar noyabrın 9-da Avropa İttifaqı Şurası tərəfindən qəbul edilib, yeni müddəalar isə 2026-cı il noyabrın 16-dan qüvvəyə minib. İndiyədək bu proqram çərçivəsində fəaliyyət göstərən avropalı hərbi təlimatçılar Ukrayna hərbçilərini əsasən Avropa İttifaqına üzv ölkələrin hərbi poliqonlarında hazırlayırdılar.

Yeni qərara əsasən, missiyanın nümayəndələri artıq Ukrayna ərazisində daimi fəaliyyət göstərə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ilə birbaşa əlaqə saxlaya, döyüş əməliyyatlarının təcrübəsini öyrənə və hərbi təhsil sisteminin islahatlarında iştirak edə biləcəklər.

Eyni zamanda, Avropa İttifaqı Şurası missiyanın mandatını daha iki il – 2028-ci il noyabrın 15-dək uzadıb. Bu müddət üçün 292,6 milyon avro vəsait ayrılması nəzərdə tutulur. Qərar 2022-ci ilin payızından fəaliyyət göstərən proqramın strateji baxımdan yenidən qiymətləndirilməsinin nəticəsi olaraq qəbul edilib.

Avropa İttifaqı Şurasının rəsmi məlumatında bildirilir:

“Şura həmçinin missiyanın Ukraynada mövcudluğunu təmin etmək qərarına gəlib. Bu, Ukraynanın hərbi hakimiyyət orqanları, Silahlı Qüvvələri və beynəlxalq tərəfdaşlarla birbaşa və səmərəli koordinasiyaya, eləcə də Avropa təlim proqramının Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun şəkildə inkişaf etdirilməsinə imkan verəcək”.

Bununla belə, dərc olunmuş hüquqi sənəddə missiyanın səlahiyyətləri rəsmi açıqlamada göstəriləndən daha geniş təsvir olunub. Sənəddə xüsusilə döyüş meydanında əldə edilən təcrübənin toplanması, təhlili və yayılması üçün “strukturlaşdırılmış və etibarlı mexanizm” yaradılması nəzərdə tutulur.

Bu, avropalı hərbi təlimatçılara Rusiya və Ukrayna ordularının döyüş taktikalarında baş verən dəyişiklikləri birbaşa öyrənmək və yeni təlim proqramlarını həmin təcrübəyə uyğunlaşdırmaq imkanı verəcək.

Missiyanın digər fəaliyyət istiqaməti Ukrayna Müdafiə Nazirliyinə islahatlarla bağlı məsləhətlərin verilməsidir. İlkin mərhələdə əsas diqqət peşəkar hərbi təhsil sisteminin modernləşdirilməsinə və hərbi kadrların idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, missiyanın Ukraynada daimi fəaliyyət göstərməsi təşəbbüsü Kiyevin özündən gəlib. Avropa İttifaqı Şurasının 2026/2508 saylı qərarından məlum olur ki, Ukrayna Müdafiə Nazirliyi hələ 2026-cı il oktyabrın 10-da bu məqsədlə rəsmi müraciət ünvanlayıb.

Bundan əvvəl, sentyabrın 3-də Aİ-nin Siyasət və Təhlükəsizlik Komitəsi EUMAM missiyasının fəaliyyət müddətinin 2028-ci ilin noyabrınadək uzadılmasını razılaşdırmışdı.

Hüquqi sənəddə xüsusi olaraq vurğulanır ki, missiya Ukrayna ərazisində yalnız birbaşa koordinasiya, döyüş təcrübəsinin təhlili və müdafiə islahatlarına məsləhət dəstəyi ilə bağlı yeni vəzifələrin icrası məqsədilə fəaliyyət göstərə bilər.

Beləliklə, qəbul edilmiş qərar Avropa İttifaqının döyüş bölmələrinin Ukrayna cəbhəsinə göndərilməsini nəzərdə tutmur. Lakin bu qərar Avropa hərbi personalının Ukrayna ərazisində daimi yerləşməsinə hüquqi zəmin yaradır.

Həmin şəxslərin statusu, imtiyazları, immunitetləri və təhlükəsizlik təminatları Avropa İttifaqı ilə Ukrayna arasında ayrıca razılaşma ilə müəyyənləşdirilməlidir. Hələlik missiyada iştirak edəcək hərbi personalın sayı, onların yerləşəcəyi konkret ərazilər və yeni nümayəndəliyin fəaliyyətə başlayacağı tarix açıqlanmayıb.

Sənəddə EUMAM-ın əməkdaşlıq edəcəyi tərəfdaşlar da sadalanır. Bunlara ABŞ, Böyük Britaniya, Kanada və Norveçlə yanaşı, NATO, Alyansın Ukraynaya Təhlükəsizlik Yardımı və Təlim üzrə Komandanlığı (NSATU), NATO-nun Ukraynadakı nümayəndəliyi, Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi (JATEC), eləcə də “Könüllülər koalisiyası” çərçivəsində yaradılan strukturlar daxildir.

Bundan başqa, müəyyən prosedurlara və razılaşmalara əməl edilməklə, Aİ-nin RESTREINT UE/EU RESTRICTED məxfilik qrifi daşıyan materialları da daxil olmaqla, xidməti məlumatların mübadiləsi nəzərdə tutulur.

100 min ukraynalı hərbçi Avropada təlim keçib

2022-ci ilin oktyabrında yaradılan və həmin il noyabrın 15-də praktiki fəaliyyətə başlayan EUMAM missiyası indiyədək 100 min ukraynalı hərbçiyə təlim keçib. Bu barədə Avropa Xarici Fəaliyyət Xidməti noyabrın 9-da, missiyanın mandatının uzadılması ilə eyni vaxtda məlumat yayıb.

Qurumun bəyanatında deyilir:

“Hazırlıq keçmiş 100 min hərbçi sadəcə rəqəm deyil. Bu, real hərbi imkanlara çevrilmiş Avropa həmrəyliyidir”.

Proqramda Avropa İttifaqının 24 üzv dövləti iştirak edir. Onlar təlimatçılar, hərbi təlim meydançaları və ixtisaslaşmış kurslarla təminat həyata keçirirlər.

Missiyanın əsas koordinasiya mərkəzləri Polşa və Almaniyada yerləşir. Polşadakı CAT-C komandanlığı ümumqoşun hazırlığına və müxtəlif bölmələrin qarşılıqlı fəaliyyətinə cavabdehdir. Almaniyada fəaliyyət göstərən STC isə xüsusi təlim proqramlarını təşkil edir.

Təlimlər yalnız piyada qoşunlarını əhatə etmir. Zirehli texnika ekipajları, kiçik komandirlər, qərargah zabitləri, rabitəçilər, istehkamçılar, hərbi həkimlər və silahların texniki xidməti üzrə mütəxəssislər də bu proqramlarda iştirak edirlər.

Xüsusi diqqət şəhər döyüşlərinə, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə, eləcə də taqım, rota və batalyon komandirlərinin hazırlanmasına ayrılır.

Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında vurğulanır ki, keçirilən hər bir kurs, göndərilən hər bir təlimatçı və missiyanın fəaliyyətini dəstəkləyən hər bir şəxs ümumi nəticəyə töhfə verib.

Yeni mandat çərçivəsində ukraynalı hərbçilərin sərhəddən təlim mərkəzlərinə və geriyə daşınması, tibbi yardım, təxliyə, yanacaq təminatı, təlim texnikasına texniki xidmət, tərcüməçilərin fəaliyyəti, eləcə də Avropa və Ukrayna hərbi təhsil müəssisələrinin birgə proqramları üçün maliyyələşmə də nəzərdə tutulur.

EUMAM-ın maliyyələşdirilməsi Avropa Sülh Fondu vasitəsilə həyata keçirilir. Avropa İttifaqı Şurasının məlumatına görə, 2026-cı ilin oktyabr ayının sonunadək hərbi hazırlıq proqramına göstərilən ümumi maliyyə dəstəyi 950 milyon avroya çatıb. Təkcə oktyabrın 26-da Şura Ukraynaya hərbi yardım üzrə daha geniş qərarlar paketi çərçivəsində EUMAM üçün əlavə 230 milyon avro ayrılmasını razılaşdırıb.

Fransa hərbçilərinin Ukraynadakı fəaliyyəti də gündəmdədir

EUMAM-ın fəaliyyət dairəsinin genişləndirilməsi Fransanın Volia əməliyyatı ilə bağlı təfərrüatların açıqlanması ilə eyni vaxta təsadüf edib.

Noyabrın 16-da RFI radiostansiyası məlumat yayıb ki, kiçik qruplardan ibarət fransız hərbçiləri artıq bir neçə aydır Ukraynada fəaliyyət göstərirlər. Onların əsas vəzifələri ukraynalı hərbçilərin hazırlanması və silah sistemlərinə texniki xidmət göstərilməsidir.

Beləliklə, Avropa İttifaqı Şurasının son qərarı Ukrayna hərbçilərinin yalnız Avropa ölkələrində hazırlanması modelindən tədricən imtina edildiyini göstərir. Yeni mərhələdə avropalı hərbi personalın birbaşa Ukraynada yerləşməsi, təlim prosesinin koordinasiyasında iştirak etməsi və ölkənin müdafiə sisteminin inkişafına dəstək verməsi üçün hüquqi imkan yaradılır.

Hələlik Ukraynada daimi fəaliyyət göstərəcək Avropa zabitləri və mütəxəssislərinin sayı, onların yerləşəcəyi ərazilər və missiyanın real miqyası məlum deyil.

Ancaq bir məqam aydındır: Avropa İttifaqı Ukrayna müharibəsində iştirakını yeni mərhələyə keçirir. Hələlik söhbət döyüş bölmələrinin cəbhəyə göndərilməsindən getməsə də, Avropa hərbi personalının Ukrayna ərazisində daimi mövcudluğu artıq hüquqi müstəvidə təsdiqlənib.

Görünən odur ki, Avropa bu müharibəyə getdikcə daha dərindən cəlb olunur. “Qoca qitə” Ukrayna bataqlığına addım-addım daha çox daxil olur…

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*