Ali təhsil müəssisələrinə qəbul imtahanlarının əsas mərhələsi yaxınlaşdıqca abituriyentləri narahat edən əsas məsələlərdən biri də keçid ballarının necə dəyişəcəyidir. Son illərdə bəzi ixtisaslara marağın artması, yüksək nəticə göstərən abituriyentlərin sayının çoxalması və rəqabətin güclənməsi qəbul göstəricilərinə birbaşa təsir edən amillər sırasında göstərilir.
Bəs bu il ali məktəblərə qəbul ballarında artım olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul zamanı bir sıra ixtisas qruplarında bal artımı gözlənilir.
Elçin Əfəndi
“Xüsusilə II qrupda rəqabətin daha yüksək olacağı proqnozlaşdırılır. Bunun nəticəsində ötən illərlə müqayisədə keçid ballarında da yüksəliş qeydə alına bilər. I, III və IV ixtisas qruplarında da müəyyən artımlar mümkündür. V ixtisas qrupunda isə vəziyyət nisbətən fərqli olacaq və burada müəyyən balanslaşma müşahidə edilə bilər”.
Ekspert qeyd edib ki, qəbul ballarının formalaşmasına əsas təsir göstərən amillərdən biri buraxılış imtahanlarının nəticələridir:
“Buraxılış imtahanlarının yekun nəticələri qəbul prosesinə birbaşa təsir edir. Digər dörd ixtisas qrupunda perspektivli və daha çox tələb olunan ixtisaslar üzrə də keçid ballarının yüksələcəyi ehtimal edilir. Lakin bu artımların əksər qruplarda kəskin deyil, minimal səviyyədə olacağı gözlənilir”.
Təhsil eksperti hesab edir ki, bu il ən ciddi rəqabət məhz II ixtisas qrupunda yaşanacaq və bu, qəbul göstəricilərində özünü daha qabarıq şəkildə göstərəcək. Digər qruplarda isə dəyişikliklərin daha məhdud olacağı proqnozlaşdırılır.
Aynurə İsmayıl
KONKRET.az
