ABŞ Maliyyə Nazirliyi Türkiyə və Livandakı bəzi qurum və şəxslərə Hizbullah və İran İnqilab Keşikçiləri Korpusuna yardım etdiklərini əsas gətirərək sanksiya tətbiq etmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Tükiyənin üç şirkəti və bir sahibkarının ABŞ-nin nəzarətində olan mülklərinə girişini bloklayıb.
Nazirlikdən verilən açıqlamaya görə bu təşkilatlar İran mallarının Suriya hökumətinə satışından yüz milyonlarla dollar gəlir əldə ediblər. Bu əmtəə satışlarının Hizbullahın davam edən terror fəaliyyətlərini dəstəkləmək üçün istifadə edildiyi iddia edilib.
Həmin şirkətlərdən birinin “Mira İhracat İthalat Petrol” olduğu üzə çıxıb. Eləcə də şirkətin baş meneceri və sahibi İbrahim Talal əl-Uveyrə qarşı sanksiya tətbiq edilib.
Bundan əlavə, Livanda yerləşən iki təşkilat da sanksiyalara məruz qalıb. İran mallarının Suriyaya kütləvi satışını asanlaşdıran Hizbullaha bağlı “Yara Offshore SAL” və yüz milyonlarla dollar dəyərində İran mallarının Suriyaya daşınmasını asanlaşdırmaqla terrorçuları maliyyələşdirən “Hydro Drilling Equipment Rental” şirkəti də sanksiyalardan yayına bilməyib.
Vəli Həsənov,
KONKRET.az
