“Tramp İranla sazişin şərtlərini təhrif edir” – Nə baş verir?backend

"Tramp İranla sazişin şərtlərini təhrif edir" - Nə baş verir?

ABŞ və İran arasında gözlənilən razılaşma ətrafında diplomatik və bəyanatlar savaşı qızışır. İranın rəsmi mənbələri ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında imzalanacaq memorandumun bəndləri ilə bağlı son açıqlamalarına sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, İranın “Fars” xəbər agentliyinə danışan rəsmi mənbə ABŞ liderinin bəyanatını “həqiqət və yalanın qarışığı” adlandırıb. Mənbənin bildirdiyinə görə, Trampın ən böyük yalan iddialarından biri Hörmüz boğazının gəmilərdən heç bir rüsum alınmadan açılması tələbi ilə bağlıdır. Tehran rəsmisi vurğulayıb ki, İran blokada qaldırıldıqdan sonra boğazı öz daxili razılaşmalarına uyğun olaraq açacaq və bu tədbirlər gəmilərin monitorinqi, yoxlanılması, həmçinin Tehran tərəfindən hazırlanan təhlükəsizlik və xidmət təminatına qədər dəyişə bilər. İran tərəfi Trampın zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı bəyanatını da növbəti təhrif adlandırıb və memorandumda belə bir bəndin olmadığını, bu iddianın tamamilə əsassız olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, İrandan olan mənbə ABŞ Prezidentinin qəsdən gizlətdiyi və toxunmadığı Tehranın əsas tələblərini sıralayıb. Qeyd olunub ki, İranın dondurulmuş aktivlərindən 12 milyard dollar dərhal Tehrana ödənilməlidir və bu şərt yerinə yetirilmədən İran danışıqların növbəti mərhələsinə keçməyəcək. Digər mühüm tələb kimi isə başda Livan olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların və atəşkəsin dərhal təmin olunması irəli sürülüb. Mənbə sonda xüsusi olaraq vurğulayıb ki, yekun saziş yalnız İslam Respublikasının prinsiplərinə və “qırmızı xətlərinə” əsaslanacaq. Bu sənəd ABŞ-a qarşı tam etmatsızlıq mühitində hazırlanır və Vaşinqton tərəfindən hər hansı bir öhdəliyin pozulması halında Tehran dərhal adekvat cavab tədbirləri görəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*