Ermənistanda 28 may hərbi paradından sonra hakimiyyət və revanşist düşərgə arasında polemika daha da sərtləşib.
KONKRET.az bildirir ki, Paşinyana yaxınlığı ilə tanınan “Bagramyan 26” teleqram kanalı “Güclü Ermənistan” düşərgəsindən Narek Karapetyanın silahlanma ilə bağlı açıqlamalarına son dərəcə sərt reaksiya verib.
Məsələ Karapetyanın 28 may paradını şərh edərkən hazırkı hakimiyyətin silah almağı bacardığını, Samvel Karapetyanın isə Ermənistana silahları “hədiyyə” şəklində gətirəcəyini bildirməsindən sonra böyüyüb.
Kanal paylaşımında Narek Karapetyan “südəmər” (rusca: molokosos – siyasi və həyat təcrübəsi olmayan, naşı gənc mənasında işlədilən alçaldıcı ifadə) kimi təqdim olunub və onun açıqlamaları istehza ilə qarşılanıb. Kanalda yayılan paylaşımda Narek Karapetyanın ailəsi, xüsusilə də keçmiş hakimiyyətlə əlaqəli fiqurlar hədəfə alınaraq iddia edilib ki, Ermənistan illərlə müasir silahlar deyil, köhnə və texniki baxımdan geridə qalmış hərbi texnika ilə təmin olunub.
Kanal müəllifləri keçmiş hakimiyyət dövründə Ermənistanın real hərbi modernizasiya aparmadığını, ordunun əsasən sovet dövründən qalma silahlardan istifadə etdiyini irəli sürüb və bunu “Moskva ilə asılı münasibətlərin nəticəsi” kimi təqdim etməyə çalışıb. Paylaşımda xüsusilə vurğulanıb ki, keçmiş hakimiyyət illərində Ermənistan yeni artilleriya sistemləri əldə etməyib, orduda əsasən əvvəlki onilliklərdən qalmış texnikalar istifadə olunub.
“Bagramyan 26” eyni zamanda keçmiş hakimiyyət nümayəndələrini korrupsiya, dövlət resurslarının mənimsənilməsi və Ermənistanın təhlükəsizlik maraqlarını şəxsi siyasi maraqlara qurban verməkdə ittiham edib. Yazıda emosional və son dərəcə sərt ifadələrdən istifadə olunaraq keçmiş hakimiyyətin Ermənistanı zəif və asılı vəziyyətə saldığı iddia edilib.
