“Hərbi komissarlıqlarda çağırış zamanı yaranan narazılıqların əsas səbəbləri sırasında sənəd işi, tibbi müayinələr, ünsiyyət problemləri və gənclərin hərbi rejimə uyğunlaşmaqda çətinlik çəkməsi dayanır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.
![]()
“Çağırış prosesi zamanı müəyyən narazılıqların yaranması həm cəmiyyət, həm də gənclərlə bağlı amillərdən qaynaqlanır. Müasir dövrdə gənclər daha rahat həyata öyrəşdikləri üçün hərbi xidmətin qaydalarına uyğunlaşmaqda çətinlik çəkirlər. Gənclər bəzi məsələləri həddindən artıq problem kimi qəbul edir və narazılıqlarını ifadə edirlər. Halbuki illər əvvəl onların valideynləri və doğmaları təkcə Azərbaycanda deyil, keçmiş
SSRİ-nin müxtəlif respublikalarında və daha sərt şəraitdə xidmət keçiblər”.
Üzeyir Cəfərov hesab edir ki, burada valideynlərin də müəyyən məsuliyyəti var.
“Ailələr övladlarını həddindən artıq əzizlədiyi üçün gənclər ən kiçik çətinlik zamanı problemin həllini valideynlərdə görürlər.
Valideynlər övladlarını çətinliklərə hazırlamalıdır. Müəyyən problemlə üzləşən kimi narazılıq etmək düzgün yanaşma deyil.
Sağlamlıq problemləri də çağırış zamanı ortaya çıxan əsas məsələlərdən biridir. Əvvəlki illərlə müqayisədə gənclər fiziki hazırlığa daha az diqqət ayırırlar.
Əvvəllər uşaqlar müxtəlif idman seksiyalarına gedir, fiziki hazırlıq keçirdilər. İndi isə telefon və internet dövründə daha çox oturaq həyat tərzi sürürlər. Bu da tibbi müayinələr zamanı sağlamlıq problemlərinin üzə çıxmasına səbəb olur”.
Ekspert ünsiyyət probleminin də ciddi rol oynadığını vurğulayıb.
“Əvvəlki illərlə müqayisədə insanlar daha çox özlərinə qapanıblar və kollektiv mühitə uyğunlaşmaqda çətinlik çəkirlər.
Burada təkcə gəncləri günahlandırmaq olmaz. Məktəblərin, cəmiyyətin və dövlət qurumlarının da üzərinə müəyyən vəzifələr düşür. Bu məsələyə kompleks yanaşmaq lazımdır”.
Üzeyir Cəfərov qeyd edib ki, gənclərin hərbi xidmətə həm fiziki, həm də psixoloji baxımdan hazırlanması vacibdir. Onun sözlərinə görə, bu hazırlıq məktəb illərindən başlamalıdır:
“Hərbi xidmət mülki həyat deyil. Orada telefon istifadəsi məhduddur, istənilən vaxt yatıb-durmaq mümkün deyil. Müəyyən qaydalar və rejim var. Gənclər bu rejimə əvvəlcədən hazırlaşdırılmalıdır”.
Ekspert sonda bildirib ki, bu istiqamətdə görüləsi işlər çoxdur və məsələyə məhdud çərçivədə deyil, geniş və sistemli şəkildə yanaşılmalıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
