ABŞ Konqresinin Nümayəndələr Palatası iyulun 23-də 2027-ci maliyyə ili üçün nəzərdə tutulan Milli Müdafiənin Səlahiyyətləndirilməsi Aktını qəbul edib. Sənəd 1,15 trilyon dollar həcmində rekord müdafiə xərclərini nəzərdə tutur.
KONKRET.az xəbər verir ki, qanun layihəsinin lehinə 216, əleyhinə isə 212 konqresmen səs verib. Əvvəlki illərdən fərqli olaraq, sənəd bu dəfə hər iki partiyanın geniş dəstəyi olmadan minimal səs üstünlüyü ilə qəbul edilib.
Sənədə əsasən, 2027-ci ildə Pentaqonun maliyyələşdirilməsi 2026-cı illə müqayisədə təxminən 250 milyard dollar artırılacaq. Əlavə vəsaitin bir hissəsinin hərbi qulluqçuların maaşlarının 5–7 faiz artırılmasına yönəldilməsi planlaşdırılır.
Qanun layihəsində, həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan “Golden Dome” (Qızıl Günbəz) adlı yeni raketdən müdafiə sisteminin maliyyələşdirilməsi də nəzərdə tutulur.
Bundan başqa, Nümayəndələr Palatası Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi ilə əvəz olunmasını nəzərdə tutan müddəanı da dəstəkləyib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün onun ABŞ Senatı tərəfindən də təsdiqlənməsi tələb olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
