ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb.
“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, – məlumatda deyilir.
Qeyd edilir ki, Donfrid səfəri çərçivəsində ABŞ-ın region ölkələrinin suverenliyi və müstəqilliyinə dəstəyini açıqlayacaq.
ABŞ Dövlət Departamenti Vaşinqtonun Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək etməyə, o cümlədən regionda siyasi, iqtisadi və şəxsiyyətlərarası əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu vurğulayıb.
Səfər zamanı dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycana təşəkkür edəcək.
Roman Göytürk,
KONKRET.az
