ABŞ gəmilərin Hörmüz boğazından “gizli rejimdə” keçməsinə kömək edirbackend

ABŞ gəmilərin Hörmüz boğazından "gizli rejimdə" keçməsinə kömək edir

Fars körfəzində ABŞ və İran arasında yaşanan gərginlik fonunda Hörmüz boğazından gəmilərin keçidini təmin etmək üçün gizli hərbi-dəniz əməliyyatlarının aparıldığı məlum olub. Blokadaya alınmış strateji boğazdan bəzi ticarət gəmilərinin xüsusi üsullarla keçirilməsinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” (WSJ) qəzeti gəmi sahiblərinə və amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, bəzi gəmilər işıqlarını və naviqasiya mayaklarını söndürərək, tamamilə ABŞ hərbçilərinin təlimatlarına güvənməklə Hörmüz boğazından keçməyi bacarıblar.

Mənbələr bildirir ki, ABŞ tərəfi gəmilərə cihazları rəsmən nə vaxt söndürmək və İran qüvvələrindən gələ biləcək hədələrə qarşı necə reaksiya vermək barədə birbaşa məsləhətlər verir. Gəmilərin bir hissəsi Fars körfəzinin ABŞ tərəfindən bu ayın əvvəlində “Azadlıq Layihəsi” çərçivəsində təmizlənmiş hissəsindən “radio sükutu” rejimində keçib.

Belə gizli keçidə uğurlu nümunə kimi göyərtəsində iki milyon barel neft olan və uzun müddət Fars körfəzində blokadada qalan Yunanıstana məxsus neft tankeri göstərilir. Sözügedən tanker bu həftə boğazı keçərək Hindistana doğru istiqamət alıb.

“Kpler” analitik şirkətinin məlumatına görə, hazırda gündə 5-dən az gəmi Hörmüz boğazından bu cür “gizli rejimdə” keçir. Lakin bu gəmilərdən neçəsinin birbaşa ABŞ-la koordinasiyalı şəkildə hərəkət etdiyi hələlik tam bəlli deyil.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*