“ABŞ İranın dövlətçiliyinə son qoymaq istəyir” – RƏYbackend

"ABŞ İranın dövlətçiliyinə son qoymaq istəyir" - RƏY

Məlum olduğu kimi, İsrail xüsusi təyinatlıları “Üçüncü Livan həmləsi” adlandırdıqları quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olub. İddia olunur ki, rəsmi Təl-əviv diplomatik kanallar vasitəsilə İrana sərt xəbərdarlıq göndərməyi də unutmayıb. Belə ki, Tehranın müdaxiləyə cəhd edəcəyi təqdirdə İslam ölkəsinə zərbələrə endiriləcəyi bildirilib.

İranın bundan sonra hansı addımları atacağı maraqlıdır. Görəsən, rəsmi Tehran Livana qoşun yeridərək İsraillə birbaşa döyüşlərə girəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi məsələlər üzrə ekspert Şair Ramaldanov bu əməliyyatların arxasında ABŞ-nin dayandığını qeyd edib:

Şair Ramaldanov

“Son illər gedən proseslər onu göstərir ki, böyük güclər siyasi coğrafiyanı yenidən bölüşdürmək istəyirlər. Avropa, Yaxın və Uzaq Şərq, həmçinin Cənubi Qafqaz bura daxildir. Proseslər Avropa və Yaxın Şərqdə aktiv fazadadır, Cənubi Qafqaz və Uzaq Şərq isə gözləmə mövqeyindədir. Müxtəlif ərazilərdə baş verən toqquşmalar böyük güclərin maraqlarına xidmət edir. Onlar İsrail və s. kimi dövlətlərin əli ilə məqsədlərinə nail olmağı hədəfləyirlər. Məlum olduğu kimi, adıçəkilən dövlət Livan ərazisinə daxil oldu. Onların arxasında ABŞ dayanır. Birləşmiş Ştatlar İsrailin əli ilə Yaxın Şərqdəki vəziyyəti gərgin saxlamağa çalışır. Rəsmi Təl-əviv iddia edir ki, əməliyyatlar məhdud çərçivədə aparılır. Ancaq onlar üçün dayanma xəttinin hara olduğu məlum deyil. Ordu “Hizbullah”ı zərərsizləşdirmək adı ilə yaşayış obyektlərini bombardman edir. Xeyli sayda insan həlak olur. Ancaq təəssüf olsun ki, böyük güclər İsraili dayandırmağa cəhd belə göstərmir”.

Ekspert İranın İsraillə mümkün qarşıdurma ehtimalından da danışıb:

“Qlobal güclər Yaxın Şərqdəki proseslərə İranı da cəlb etmək niyyətindədilər. Ancaq düşünürəm ki, bu, baş tutmayacaq. İran bilir ki, İsrailə qarşı atacağı addım nəticə verməyəcək. Həmçinin İsrail Tehrana birbaşa zərbələr də endirə bilər. ABŞ-nin istəyi isə adıçəkilən ölkənin əməliyyatlara qoşulmasıdır. Onlar İran dövlətçiliyinə və ya molla rejiminin fəaliyyətinə son qoymaq istəyirlər. Həmçinin İran proksi qüvvələrini dəstəkləmək üçün maliyyə sərf etməlidir. Ancaq onlara tətbiq edilən sanksiyalar buna mane olur. Bundan başqa, yeni seçilən prezident Məsud Pezeşkian ABŞ və Qərblə münasibətləri normallaşdırmağa çalışır. Onlar düşünürlər ki, bu addımla sanksiayalar yumşaldıla bilər. Hətta bəzi məsələlərdə İranın Rusiya ilə maraqları toqquşur. Zəngəzur dəhlizi məsələsi buna misaldır. Qeyd etdiyim kimi, rəsmi Tehranın əsas məqsədi Qərb və ABŞ ilə münasibətləri normallaşdırmaqdır. Ehtimal edirəm ki, İranın Livan ərazisində keçirilən əməliyyatlara müdaxilə etməməsi, əvvəlcədən qapalı qapılar arxasında razılaşdırılıb”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*