ABŞ-nin İranla müharibəyə çəkdiyi xərclər 37,5 milyard dollara yüksəlib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Senatın Büdcə Ayırmaları Komitəsində keçirilən dinləmələrdə məlumat verib.
Onun sözlərinə görə, may ayının ortalarında bu göstərici təxminən 29 milyard dollar idi. Pit Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dən Keynlə birlikdə Konqresi sentyabrın sonunadək hərbi əməliyyatların maliyyələşdirilməsi üçün əlavə 67 milyard dollar ayırmağa çağırıb. Onlar bu vəsaitin “təcili zəruri” olduğunu bildiriblər.
Qeyd olunub ki, tələb olunan əlavə maliyyəyə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının bərpası üçün nəzərdə tutulan xərclər daxil deyil.
Pentaqonun müraciəti həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid edilib. Demokrat senator Cinn Şahin Müdafiə Nazirliyinin istifadəsində daha əvvəl ayrılmış 75 milyard dolların qaldığını xatırladaraq, yeni vəsait ayrılmasının zəruriliyini sual altına alıb.
Pit Heqset isə cavabında bildirib ki, həmin vəsait artıq Donald Tramp administrasiyasının digər müdafiə prioritetləri, o cümlədən “Golden Dome for America” raketdən müdafiə proqramı, hipersəs silahlarının hazırlanması və digər layihələr üçün nəzərdə tutulub.
Respublikaçı senator Con Kennedi isə Konqresin “dürüst və açıq cavablara” ehtiyacı olduğunu vurğulayaraq, ABŞ-nin Hörmüz boğazındakı hərbi mövcudluğunu dayandıracağı təqdirdə mümkün nəticələrlə maraqlanıb. Lakin Pit Heqset və general Dən Keyn İranın belə bir halda boğazdan keçən gəmilərdən ödəniş tələb edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməyiblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
