ABŞ-nin Azərbaycanda təxribat cəhdi – ŞOK FAKTLARbackend

ABŞ-nin Azərbaycanda təxribat cəhdi – ŞOK FAKTLAR

Son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-dən ölkəmizə qarşı ikili standartlar sərgilənir. Görünür, Birləşmiş Ştatlar bir az da irəli gedərək, hətta Bakıdakı agentura şəbəkəsini də işə salıb. Görünən odur ki, Vaşinqton Bakı əleyhinə məkrli planlar qurur və çirkin addımlar atmağa hazırlaşır. Hətta noyabrın 27-də Amerikanın Azərbaycandakı səfirliyi sözdə bu ölkədə təhsil alan, əslində isə ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsi ilə görüş planlaşdırmışdı. Hüquq-mühafizə orqanlarının məsələdən xəbərdar olması görüşün təxirə salınması ilə nəticələndi. Xüsusən də bu yaxınlarda “Abzas Media”nın rəhbəri və baş redaktoru həbs ediləndən sonra onlar haqqında bir sıra qaranlıq məqamlar, yəni qanunsuz fəaliyyətləri, başqa ölkələrdən qrant almaları ilə bağlı faktlar üzə çıxdı. Görünür, Birləşmiş Ştatlar təxribat texnologiyalarını yeniləyir, yığcam, çevik dəstələr formalaşdırır. Bu da ABŞ-nin təxribat cəhdlərini ehtimaldan daha çox reallığa çevirir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi analitik Elçin Mirzəbəyli mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

– Elçin bəy, ABŞ agenturasının Bakıda təşkil olunan görüşü hüquq-mühafizə orqanlarının xəbərdar olmasından sonra ləğv edildi. Görüşün məhz bundan sonra təcili təxirə salınması bir sıra suallar doğurdu. Nəzərə alsaq ki, son günlərdə ABŞ ilə Azərbaycan arasında münasibətlər gərginləşib, demək olarmı ki, Birləşmiş Ştatlar Azərbaycanda təxribata hazırlaşır?

– ABŞ-nin soyuq müharibədən sonra formalaşdırdığı casus şəbəkələri, nüfuz müvəkkiləri heç vaxt ləğv olunmayıb. Onlar sadəcə aktiv və passiv fəaliyyətdədir. Bu da situasiyaya, eyni zamanda, Birləşmiş Ştatların maraqlarına uyğun şəkildə özünü büruzə verir. Bu mənada uzun illərdən bəri, xüsusilə SSRİ-nin süqutundan sonra müxtəlif adlar altında postsovet məkanına nüfuz edən təşkilatlar həm müəyyən zaman kəsiyində Azərbaycan daxilində, daha sonra isə ölkə xaricində özlərinin nüfuz müvəkkilləri şəbəkəsini formalaşdırmağı bacarıblar.

– Onlar Azərbaycanın ictimai rəyinə təsir edə bilirmi?

– Onların Azərbaycanın ictimai rəyinə təsir edib-etməməsi başqa müzakirənin mövzusudur. Amma nəticə etibarilə bu şəbəkə hər zaman mövcud olub və ölkənin milli maraqları ön plana çıxanda özünü daha qabarıq büruzə verib. İndiki şəraitdə də, yəni Azərbaycanın ərazi bütövlüyü, suveren hüquqları, eyni zamanda, Cənubi Qafqazda sülh və təhlükəsizliyin davamlılığı ilə bağlı məsələlərdə də ABŞ-nin milli maraqlarımıza zidd mövqeyi kontekstində həmin şəbəkələr öz çirkin fəaliyyətlərini ortaya qoyublar.

– ABŞ təxribat texnologiyalarını zaman, məkana və ölkələrə görə yeniləyir, yoxsa ənənəvi vasitələrdən istifadə edir?

– Biz 44 günlük müharibə çərçivəsində özlərini “No War”çılar (müharibə əleyhdarları – red.) adlandıran qrupların da aktiv fəaliyyətinin şahidi olmuşuq. Ayrı-ayrı proqramlar çərçivəsində müxtəlif ölkələrdə, o cümlədən, qonşu Gürcüstanda, həmçinin, Polşada, Çexiyada keçirilən təlimlərdə ermənilərlə azərbaycanlıları bir masa arxasında əyləşdirərək, ölkəmizin vətəndaş cəmiyyəti institutu təmsilçilərinin təslimçi sülhə sövq edilməsi, daha doğrusu, onlara bu istiqamətdə təbliğat aparılması ilə bağlı müvafiq tapşırıqların verildiyi barədə kifayət qədər məlumatlar var.

– Ümumiyyətlə, Qərbdən gələn qeydiyyatsız qrantlar Azərbaycanda necə realizə edilir?

– Bu kimi təşkilatlar özlərinin nüfuz müvəkkilərini fərqli istiqamətlərdə maliyyələşdirmək yolunu seçiblər. Müxtəlif ölkələrdə, xüsusilə Azərbaycanın qonşuluğunda olan, həmçinin, Avropa ölkələrində keçirilən təlimlərə azərbaycanlı təmsilçilərin cəlb edilməsi, daha sonra onların ölkə qanunvericiliyindən kənar mexanizmlər əsasında maliyyələşdirilməsi prosesi həyata keçirilir. Vəsaitlər xarici banklara köçürülür, oradan hissə-hissə şəbəkələrin üzvləri arasında paylanaraq, Azərbaycana keçirilir. Yəni belə böyük məbləğlərin köçürülməsi ilə bağlı problemlər yarandığı üçün vəsaitlər müxtəlif yollarla bank hesablarına köçürülməklə, təşkilatlar vasitəsilə realizə olunmaqla faktiki olaraq hədəf qruplarına çatdırılır. Əslində isə bu, cinayət faktıdır.

Azərbaycan qanunvericiliyi hər halda hazırda xarici qrantların nəzarətdə saxlanılmasına imkan verir. Maraqlıdır, Birləşmiş Ştatlarda vergidən bir dolların belə, yayındırılması cinayət hesab olunduğu, eyni zamanda, müxtəlif strukturlar vasitəsilə qeyri-qanuni dövr edən vəsaitlər “çirkli pullar” adlandırıldığı halda, niyə Azərbaycanda eyni davranış sərgilənəndə buna qarşı fərqli münasibət ortaya çıxır? Bu da əslində demokratiya, insan haqları kimi anlayışların ABŞ üçün sadəcə təzyiq vasitəsi, vətəndaş cəmiyyəti institutlarınin isə onların geosiyasi maraqlarını həyata keçirmək üçün bir alət olduğunu göstərir.

– “Abzas Media”nın rəhbəri və baş redaktoru həbs ediləndən sonra onlar haqqında bir sıra qaranlıq məqamlar, yəni qanunsuz fəaliyyətləri, başqa ölkələrdən qrant almaları ilə bağlı faktlar üzə çıxdı. Bu da ABŞ-nin layihələrinin tərkib hissəsidir?

– Artıq uzun illərdir ABŞ məhz bu yumşaq güc amillərindən istifadə edərək, dövlət siyasətinə öz təsirini göstərməyə çalışır.

Onu da qeyd edim ki, bu vəsaitlərin bir hissəsi özlərini radikal qruplar adlandıran, əslində isə Azərbaycanın milli maraqlarına müxalif olan dairələrə, siyasi təşkilatlara ötürülür və bu proses əvvəllər daha aktiv şəkildə müşahidə olunurdu. İndiki halda isə sözügedən istiqamətlərdə vəsaitlərin xarici banklara köçürülməsi və yaxud həmin şəxslərin xaricdəki bank hesablarına köçürülməsi onların xaricdə təhsil alan övladlarının hesablarına köçürülməsi vasitəsilə reallaşdırılır. Bu mənzərənin real situasiyası ondan ibarətdir ki, Birləşmiş Ştatlar bölgədə və dünyada müstəqil siyasət yürüdən, öz milli maraqlarından çıxış edən dövlətləri və onların güclü liderlərini görmək istəmir. Onlara marionet dövlətlər və liderlər lazımdır ki, daim öz maraqlarını ön plana çıxarsınlar və ayrı-ayrı dövlətlərin maraqlarına zidd addım ataraq, onları istismara məruz qoysunlar.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*