Yanvarın 4-dən Azərbaycanda Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin qiyməti və dizelin qiyməti bahalaşıb. Belə ki, Aİ-92 1 manat, dizel isə 80 qəpik olub. Bu gün müzakirə olunan məsələlərdən biri də Aİ-95 və Aİ-98 markalı benzinin də qiymətinin bahalaşması ilə bağlıdır. Qeyd edək ki, Aİ-95 premium markalı benzinin qiyməti 1,20, Aİ-98 super markalı benzinin qiyməti 1,40 AZN təşkil edir.
Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin bahalaşması ilə bağlı səsləndirilən iddialarla bağlı fikirlərini KONKRET.az-la bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu məsələyə iki aspektdən baxmaq lazımdır: “Aİ-95 premium markalı və Aİ-98 super markalı benzinin qiymətini dövlət tənzimləmir. Əslində azad bazar şərtləri daxilində tənzimlənmələr aparılmalıdır. Maya dəyərindən asılı olaraq məhsul idxal olunur və qiymətləri bazarda müəyyənləşir. İstənilən halda dünyada müvafiq məhsulların qiyməti bahalaşanda ölkəmizdə də bu markalı benzinlərin qiyməti artır. Ucuzlaşanda isə cuzi də olsa qiymətlər aşağı düşüb.
Artıq bazarda Aİ-95 və Aİ-98-lə A-92-i arasındakı fərqin azalmasından ortaya çıxan qiymət təzyiqi də var. Ona görə də idxalçı şirkətlər rahatlıqla daxili bazarda A-95-i daha baha qiymətə təklif edə bilərlər. Yəni qiymət fərqi azaldığına görə daha keyfiyyətli məhsul istehlak edənlərin sayı arta bilər. Bu da nəticə etibarilə qiymətin bahalaşma istiqamətində bir qərarın ortaya çıxmasına səbəb ola bilər. Dediyim kimi bu məhsulun qiymətini dövlət tənzimləmir. Sadəcə dövlət şirkəti inhisarçıdır”.
Rəşad Həsənov vurğulayıb ki, dünya bazarında neftin qiyməti bir neçə gündür ki, artan istiqamətdədir: “Bu qiymətin nə qədər artacağı və maya dəyərinə necə təsir göstərəcəyi də önəmli faktordur. İkinci faktor isə budur ki, əgər biz A-92-nin təsirində danışırıqsa, yəqin ki, qiymət artımı 5 qəpikdən çox olmaz”
Nərgiz Mirzəyeva,
KONKRET.az