“Alternativ Nobel mükafatı”nın builki laureatları açıqlandı – ADLARbackend

“Alternativ Nobel mükafatı”nın builki laureatları açıqlandı - ADLAR

Bu il “Alternativ Nobel mükafatı” iki qadına və qadınların rəhbərlik etdiyi iki təşkilata təqdim olunub. İlk dəfə laureatlar arasında Gürcüstanın hüquq müdafiə təşkilatı – Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (Georgian Young Lawyers’ Association – GYLA) da yer alıb.

KONKRET.az xəbər verir ki, bu QHT, digər fəaliyyətləri ilə yanaşı, Gürcüstan hakimiyyətinin qərarlarından və ölkə məhkəmələrinin hökmlərindən narazı olan, ədalətə beynəlxalq instansiyalarda nail olmaq istəyən şəxslərə pulsuz hüquqi yardım göstərir.

Mükafata həmçinin aşağıdakı şəxslər və təşkilatlar layiq görülüb:

ABŞ-dan olan süni intellekt üzrə tədqiqatçı Timnit Gebru – “süni intellekt sahəsində hakimiyyətin cəmləşməsinə meydan oxuduğuna və ədalət prinsiplərinə, real həyat təcrübəsinə və insanın subyektliyinə əsaslanan rəqəmsal texnologiyaların yaradılmasında öncül rol oynadığına görə”.

Pakistanlı hüquq müdafiəçisi Cəlilə Heydər – hazarə icmasından olan ilk qadın hüquqşünasdır. O, “maneələri aşdığı və etnik, dövlət və patriarxal təqiblərə meydan oxuduğu, heç bir insanın ‘qanunsuz’ ola bilməyəcəyinə inandığı üçün” mükafatlandırılıb.

“Kənd Qadınları Assambleyası” (Rural Women’s Assembly) şəbəkəsi – “Cənubi Afrikanın hər yerindən kənd qadınlarını vahid qüvvə halında birləşdirdiyinə” görə mükafata layiq görülüb. Təşkilat kənd qadınlarının torpaqlarını, toxumlarını və öz bədənləri üzərində sərəncam vermək hüququnu korporasiyaların və patriarxal strukturların müdaxiləsindən qoruyur.

Stokholmda mükafatın münsiflər heyətinin qeyd etdiyi kimi, bütün laureatlar avtoritarizmə, zorakılığa və qadınlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparır, eyni zamanda süni intellektin inkişafı ilə bağlı yaranan təhlükələrə qarşı çıxırlar.

“Right Livelihood Award” (“Düzgün həyat tərzi” mükafatı) beynəlxalq mükafatı 1980-ci ildə isveçli-almaniyalı xeyriyyəçi Yakob fon Ueksküll tərəfindən təsis edilib. Ənənəvi olaraq mükafat ətraf mühitin çirklənməsinə, nüvə təhlükəsinə, insan hüquqlarının pozulmasına və azlıqlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparan şəxslərə və təşkilatlara təqdim olunur.

Mükafatın qalibləri ənənəvi olaraq Nobel mükafatlarından bir qədər əvvəl elan edilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*