Xəbər verdiyimiz kimi, Ağstafada məktəbdə müəllimlər arasında dərs bölgüsü üstündə dava düşüb. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə baş verib. İbtidai sinif müəllimi P. Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
KONKRET.az Bakupost-a istinadən xəbər verir ki, zərərçəkən müəllim jurnalistlərə bildirib ki, hadisə tədris hissə müdirinin otağında baş verib:
“Orada mənə basqın etdi. Telefonumun qırıqları göz qabağındadır. Telefonumu başımda qırmaq istədi, mən də əlimi başımın üstünə tutdum. Çünki həmin telefonda Əhmədova Sevinclə bağlı səs yazısı var idi. Telefonumu qırdı, mənə hücum etdi və döydü. Başımda yara, əlimdə çat var”.
Müəllim həmçinin bildirib ki, hadisədən sonra müəllimlərə Təhsil Şöbəsinə müraciət etmələri və onun işdən azad olunması ilə bağlı tapşırıq verilib.
O, Elm və Təhsil Nazirliyinə müraciət edərək məsələnin araşdırılmasını istəyib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.
