“Azərbaycanda Rusiyadakı analıq kapitalına bənzər uzunmüddətli maliyyə dəstəyi mexanizminin tətbiqi mümkündür. Amma belə bir proqramın səmərəliliyi yalnız ailələrə nə qədər pul ayrılmasından deyil, dəstəyin hansı şərtlərlə verilməsindən, büdcə üçün nə qədər xərc yaratmasından və ailələrin real ehtiyaclarını nə dərəcədə qarşılamasından asılı olacaq.
Rusiyanın təcrübəsində əsas fərq ondan ibarətdir ki, ailəyə yalnız uşağın doğulmasına görə birdəfəlik müavinət verilmir, eyni zamanda mənzil şəraitinin yaxşılaşdırılması və təhsil kimi uzunmüddətli məqsədlər üçün istifadə edilə bilən əlavə maliyyə dəstəyi təqdim olunur. Azərbaycanda da oxşar mexanizm uşaqlı ailələrin xərclərini azaltmaq, mənzil əldə etmək imkanlarını genişləndirmək və valideynlərin gələcək xərclərini planlaşdırmasına kömək etmək üçün nəzərdən keçirilə bilər”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET..az-a açıqlamasın da səsləndirib:

“Azərbaycanın mövcud sosial müdafiə sistemi ilə müqayisədə belə proqramın əsas yeniliyi dəstəyin müddətinin və təyinatının dəyişməsi olardı. Hazırda ölkədə uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdır. 2026-cı ildən uşağa qulluq və analıqla bağlı bəzi müavinətlərin proaktiv qaydada təyin edilməsi də nəzərdə tutulub.
Belə bir mexanizmin Azərbaycanda tətbiqi üçün bir neçə model nəzərdən keçirilə bilər. Birinci modeldə hər ilk uşağa görə ailəyə müəyyən məbləğdə kapital verilməsi, ikinci və sonrakı uşaqların doğulması zamanı isə əlavə vəsait ayrılması mümkündür. İkinci modeldə dəstək aztəminatlı ailələrə və çoxuşaqlı ailələrə daha yüksək məbləğdə təqdim oluna bilər. Üçüncü modeldə isə ailəyə ayrılan vəsaitin mənzil krediti üzrə ilkin ödənişə, uşağın təhsilinə və digər sosial ehtiyaclara yönəldilməsi nəzərdə tutular.
Burada əsas məsələlərdən biri maliyyələşmə mənbəyidir. Dövlət hər il doğulan uşaqların sayını, ayrılacaq kapitalın məbləğini və proqramın neçə il davam edəcəyini nəzərə alaraq büdcə xərclərini hesablamalıdır. Məsələn, hər uşağa 5 min manat ayrılması ilə 10 min manat ayrılması arasında dövlət büdcəsi üçün ciddi fərq yaranacaq. Həmçinin vəsaitin inflyasiya nəticəsində dəyərdən düşməməsi üçün onun hansı qaydada indeksləşdirilməsi müəyyən edilməlidir”.
A.Nəsirlinin sözlərinə görə, digər mühüm məqam odur ki, təkcə maliyyə dəstəyi doğum səviyyəsinin yüksəlməsinə zəmanət vermir.
“Ailələr uşaq sahibi olmaq qərarı verərkən gəlirlərini, mənzil problemini, iş imkanlarını, uşaq bağçalarının əlçatanlığını və gələcək təhsil xərclərini də nəzərə alırlar. Buna görə analıq kapitalı əlçatan uşaq bağçaları, valideynlər üçün iş və ailə həyatının uzlaşdırılması imkanları, mənzil proqramları və müntəzəm sosial dəstəklə tamamlanarsa, daha geniş təsir göstərə bilər.
Rusiyanın təcrübəsində də analıq kapitalı birdəfəlik doğum müavinətindən ayrı mexanizmdir. Rusiya Əmək Nazirliyinin məlumatına görə, 2026-cı ildə ilk uşaq üçün kapital 728,9 min rubl, əvvəlki uşaq üçün bu hüquqdan istifadə edilmədiyi halda ikinci uşaq üçün isə 963,2 min rubl təşkil edir.
Azərbaycan üçün daha məqsədəuyğun yanaşmalardan biri proqramı ilkin mərhələdə məhdud əhatə dairəsi ilə sınaqdan keçirmək, nəticələrini qiymətləndirdikdən sonra genişləndirmək ola bilər. Bununla dövlət həm büdcəyə düşən yükü nəzarətdə saxlaya, həm də hansı dəstək modelinin ailələrin rifahına və doğumla bağlı qərarlarına daha çox təsir etdiyini müəyyənləşdirər”.
Aynurə İsmayıl
KONKRET.az
