Məktəblərdə geyimlə bağlı mübahisə – Əsas məsələ heç də forma deyilmişbackend

Məktəblərdə geyimlə bağlı mübahisə – Əsas məsələ heç də forma deyilmiş

Son günlər məktəblərdə vahid geyimlə bağlı yaşanan gərginlik və ictimai müzakirələr fonunda Nazirlər Kabinetinin müvafiq qərarı yenidən gündəmə gəlib. Qərarın hüquqi əsasları, dünyəvi təhsil prinsiplərinin qorunması və vahid məktəbli formasının tətbiqi ətrafında yaranan fikir ayrılıqları cəmiyyətdə müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olub.

Bəs bu qərarı hüquqi və ictimai baxımdan necə qiymətləndirmək olar? Vahid məktəbli formasının tətbiqi məktəblərdə nizam-intizamın, bərabərliyin və normal tədris prosesinin təmin edilməsinə nə dərəcədə töhfə verəcək? Eyni zamanda, yaranmış gərginliyin aradan qaldırılması, valideynlərin maarifləndirilməsi və hər bir uşağın təhsil hüququnun qorunması üçün hansı addımlar atılmalıdır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, Nazirlər Kabinetinin qərarını son günlərin emosional fonundan ayırıb hüquqi və ictimai mahiyyəti baxımından qiymətləndirmək lazımdır:

“Söhbət yalnız geyimdən getmir. Məsələnin mərkəzində dövlət məktəbinin dünyəvi prinsipləri və vahid təhsil qaydalarının qorunması dayanır. 21 sentyabr tarixli 309 nömrəli qərar müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərini məhdudlaşdırır. İyulda “Ümumi təhsil haqqında” Qanuna millilik və dünyəvilik prinsipi əlavə edilib, geyim tələblərinə riayət olunması da qanunda təsbit olunub. Deməli, qərarın hüquqi əsası var. Bununla belə, onun tətbiqi qanunun tələblərinə uyğun və aydın olmalıdır.

Mən Azərbaycanın dünyəvi dövlət modelini müdafiə edirəm. Çünki məktəb uşaqların dini və sosial fərqlərinə görə ayrıldığı deyil, bilik qazandığı, düşünməyi öyrəndiyi və gələcəyə hazırlaşdığı məkan olmalıdır. Dünyəvilik dinə qarşı olmaq deyil. Şəxsi inanca hörmətlə yanaşmaqla dövlət təhsilinin ümumi prinsiplərini qorumaq bir-birinə zidd deyil”.

Ekspertin sözlərinə görə, son günlər bəzi məktəblərdə yaşanan gərginlik göstərdi ki, məsələ artıq yalnız təhsil qaydaları ilə məhdudlaşmır:

“Daxili İşlər Nazirliyinin məlumatına görə, ictimai asayişin pozulması ilə bağlı Bakıda 37 nəfər saxlanılıb. Məktəbin fəaliyyətinə mane olmaq, təhsil işçiləri ilə qarşıdurma yaratmaq və ictimai asayişi pozmaq etiraz forması kimi qəbul edilə bilməz. Narazılığın qanuni yolları var. İlk olaraq bu məsələyə daha səbrlə və təmkinlə yanaşmaq olardı. Aqressiya heç zaman çıxış yolu olmayıb.

Eyni zamanda, dövlət qərarının uğuru yalnız onun qəbul edilməsi ilə ölçülmür. Valideynlərə izah verilməli, məktəb rəhbərləri qaydaları özbaşına şərh etməməli, heç bir uşaq hüquqi anlaşılmazlıq üzündən təhsildən kənarda qalmamalıdır. Bununla belə, bir sıra ekspertlər hesab edir ki, qərarın tətbiqində izahat işi kifayət qədər aparılmayıb. Bu fikirdə həqiqət payı var. Qərarın uğuru onun mətnindən çox, tətbiqindən asılı olacaq. Yəni valideynlərlə sakit, hörmətli dialoq, pedaqoji şuraların düzgün işləməsi və ən əsası, heç bir uşağın təhsildən kənarda qalmaması prioritet olmalıdır. Qətiyyət qanunlarla və ədalətlə tamamlanmalıdır. Həmçinin, dini inanc siyasi təzyiq vasitəsinə çevrilməməli, uşaqlar isə ideoloji qarşıdurmanın iştirakçısına çevrilməməlidir. Valideynlərdən də xahişim budur ki, övladlarının təhsilini mübahisələrin qurbanına çevirməsinlər. Uşağın gələcəyini qorumağın yolu onu dərsdən uzaqlaşdırmaq deyil, savadlı və müstəqil düşünən insan kimi yetişdirməkdir.

Azərbaycanın maarifçilik ənənəsi bizə göstərir ki, cəmiyyətin tərəqqisi elmdən, təhsildən və düşüncə azadlığından keçir. Bu gün də məqsədimiz qarşıdurmanı dərinləşdirmək yox, dünyəvi təhsil prinsipini qorumaq, qanuni qaydaları ədalətlə tətbiq etmək və məktəbi öz əsas missiyasına, yəni təhsilə qaytarmaq olmalıdır. Dünyəvi məktəb hər ailənin, inancından asılı olmayaraq, eyni dərəcədə öz məktəbi kimi qəbul etdiyi məkandır. Bu, cəmiyyətdə ayrılıqların deyil, ortaq vətəndaş kimliyinin formalaşmasına xidmət edir.

O ki qaldı tədris prosesinin təmin edilməsi məsələsinə, məncə, qısa müddətdə emosiyalar səngiyəcək və gündəm qərarın özündən tətbiq mexanizmlərinə keçəcək. Dövlət izahat işini gücləndirsə və hər bir uşağın sinifdə qalmasını təmin etsə, bu addım uzunmüddətli perspektivdə təhsildə nizam və bərabərliyin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan Şərqdə ilk dünyəvi respublikanı quran xalqdır və dünyəvi məktəb bu irsin təbii davamıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*