Ailələri dağıdan əsas səbəblər açıqlandı – Psixoloqdan diqqətçəkən fikirlər…backend

Ailələri dağıdan əsas səbəblər açıqlandı - Psixoloqdan diqqətçəkən fikirlər...

150-200 il öncə qadının cəmiyyətdə və ailədə yeri elə məhz “ailə” idi. Qadının bütün fəaliyyəti başlıca olaraq evin qayğısına qalmaq və ərinə xidmət etməklə bağlıydı. Amma zaman keçdikcə qadınlar cəmiyyətdə öz yerini tutmağa başladı. Məhz İslam dinində də kişi və qadın bərabərdir. Bu bir daha təsdiq edir ki, qadınların cəmiyyətə inteqrasiyasına mane olan və günahkar heç də din deyil, mental düşüncələrdən yaranmış çərçivələrdir. Tarix boyu cəmiyyətdə formalaşmış kişi-qadın münasibətləri bu gün də gender bərabərsizliyinə səbəbdir.

Tarixə nəzər salsaq, XX əsrdən başlayaraq Azərbaycan qadının cəmiyyətdə rolunun artdığını görərik. 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Həmidə Məmədquluzadə beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadını idi, o, oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoyub.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit edib. Bununla da Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Nəzərə alsaq ki, ABŞ kimi demokratik dövlətdə qadınlara səsvermə hüququ 1920-ci ildə, Fransada isə 1944-cü ildə verilib, hələ təzə-təzə demokratik ölkə kimi status qazanan Azərbaycan üçün təkcə Şərqdə deyil, həmçinin dünyada bu əsl inqilab demək idi.

1988-ci və daha sonrakı illərdə ölkəmizdə baş verən mürəkkəb siyasi hadisələrdə qadınlar kişilərlə bərabər öz fəallığını nümayiş etdirib. Həmçinin Qarabağda gedən qızğın döyüşlərdə ön cəbhədə kişilərlə bərabər qadınlarımız da düşmənə qarşı savaş aparıb.

Gender münasibətləri, ailə dəyərlərinin dəyişməsi və demoqrafik göstəricilərdə müşahidə edilən tendensiyalar cəmiyyətdə geniş müzakirə olunan mövzulardandır. Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər təkcə sosial və iqtisadi deyil, həm də insanların psixoloji vəziyyətinə və ailədaxili münasibətlərə ciddi təsir göstərir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, gender münasibətləri ətrafında yaranan mübahisələrin kökündə əslində insanın öz daxili dünyası ilə münasibəti dayanır.

Psixoloqlara maraq artır: Dəb dalğası, yoxsa… | KONKRET

Onun sözlərinə görə, gender münasibətlərində yaşanan gərginliklərin əsas səbəbi qadın və kişi fərqlərindən daha çox, insanların öz daxili dünyası ilə sağlam münasibət qura bilməməsidir.

Psixoloq qeyd edib ki, müasir dövrdə ailə anlayışı, ailədaxili rollar və gözləntilər dəyişsə də, insanın əsas psixoloji ehtiyacları dəyişməz qalır:

“İnsan yenə də sevilmək, anlaşılmaq, qəbul olunmaq və özünü təhlükəsiz hiss etmək istəyir. Texnologiya inkişaf etdikcə məsafələr qısalır, amma bəzən qəlblər arasındakı məsafə daha da artır.

Bu gün insanlar ünsiyyət qurmağın müxtəlif vasitələrinə sahib olsalar da, bir-birini dinləmək bacarığını getdikcə itirirlər.

Mesajlar çoxalıb, dialoqlar isə azalıb. Məlumat artıb, amma anlayış həmişə onunla birlikdə artmayıb.”

Psixoloq demoqrafik dəyişikliklərin də yalnız statistik göstəricilərdən ibarət olmadığını vurğulayıb.

“Doğum səviyyəsinin azalması, nikahların gecikməsi və boşanmaların artmasına iqtisadi faktorlarla yanaşı, psixoloji amillər də ciddi təsir göstərir.

Gələcəyə inam zəifləyəndə, emosional təhlükəsizlik azalandа və etibar sarsıldıqda insan təkcə ailə qurmaqdan yox, bağlanmaqdan da çəkinməyə başlayır.”

Mütəxəssis qeyd edib ki, insanın uşaqlıq dövründə qazandığı bağlanma təcrübəsi sonrakı bütün münasibətlərinə təsir göstərir:

“Hər münasibətdə əslində iki insan deyil, iki uşaqlıq qarşılaşır. İki fərqli ailə modeli, iki fərqli qorxu və iki fərqli sevgi dili üz-üzə gəlir. Münasibətlərin çoxu sevgidən deyil, anlaşılmamaq hissindən yorulur.”

Onun fikrincə, ailə yalnız eyni evdə yaşamaq deyil, insanın özünü qorxmadan ifadə edə bildiyi psixoloji məkandır:

“Ailədə hökm deyil, anlaşılmaq hissi olmalıdır. Çünki təhlükəsizlik divarlardan yox, münasibətlərdən yaranır.

Cəmiyyətin əsas problemlərindən biri emosional savadlılığın zəif olmasıdır

Biz uşaqlara müxtəlif elmi bilikləri, dilləri və texnologiyanı öyrədirik, amma hisslərini tanımağı, sağlam ünsiyyət qurmağı, konflikti düzgün həll etməyi və empatiyanı kifayət qədər öyrətmirik. Sağlam cəmiyyət sağlam münasibətlərdən, sağlam münasibətlər isə sağlam psixikadan başlayır.

İnsan özünü tanıdığı və psixoloji cəhətdən inkişaf etdirdiyi halda, sağlam ailə münasibətləri təbii şəkildə formalaşır.

Bəzən düşünürəm, ailə dəyərləri həqiqətənmi dəyişib, yoxsa sadəcə insanların dözmək, dinləmək və anlamaq qabiliyyəti zəifləyib? Münasibətləri dağıdan fikir ayrılığı deyil, insanların eyni evdə yaşayıb bir-birinin daxili dünyasına yad qalmasıdır.”

Sonda Dilruba Həsənova vurğulayıb ki, uzunmüddətli və sağlam münasibətlərin təməlində insanın daxili harmoniyası dayanır:

“Həqiqət insanın öz daxilində qura bildiyi sülhdədir. Çünki daxilində sülh olmayan insan heç bir münasibətdə uzunmüddətli sülh yarada bilməz. Buna insanın xarakteri, yaşadığı mühit, təcrübəsi və dünyagörüşü mane ola bilər.”

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*