Sərxoş sürücülərə ağır cəza: Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür?backend

Sərxoş sürücülərə ağır cəza: Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür?

Son vaxtlar sərxoş sürücülərin səbəb olduğu ağır yol-nəqliyyat hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Belə qəzalar təkcə insan həyatına son qoymur, həm də təqsirkar şəxslər üçün ağır hüquqi məsuliyyət yaradır. Bəs sərxoş vəziyyətdə avtomobil idarə edərək ölümlə nəticələnən qəza törədən şəxsi qanun qarşısında hansı cəza gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan vəkil Etibar Qarayev bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tənzimlənir.

“Cinayət Məcəlləsinin 263-1.3.2-ci maddəsi sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən şəxslərin törətdiyi ağır nəticəli yol-nəqliyyat hadisələrinə görə məsuliyyəti müəyyən edir. Bu maddəyə əsasən, avtomobili və ya digər mexaniki nəqliyyat vasitəsini alkoqollu içkilərin, narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında idarə edən şəxs yol hərəkəti qaydalarını pozarsa və həmin pozuntu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa, cinayət məsuliyyəti daşıyır. Belə əməllər qanunvericilikdə ağır cinayət kimi qiymətləndirilir və ciddi cəza nəzərdə tutulur”.

Vəkil qeyd edib ki, belə hallarda təqsirli şəxs 5 il müddətədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə üzləşir.

Etibar Qarayev vurğulayıb ki, sərxoş vəziyyətdə sükan arxasına əyləşmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına atır və qanunvericilik bu cür əməllərə qarşı sərt məsuliyyət nəzərdə tutur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*