Mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələri qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənəcək.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişikliyi imzalayıb.
Sənəd həmçinin, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.
Qanuna əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrılıqda 30 manat rüsum ödəniləcək.
Sənədə görə, mopedlərin texniki baxışdan keçirilməsi 15 manat, qeydiyyatı 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsi 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbulu 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbulu 20 manat rüsumla həyata keçiriləcək.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunmuşdur. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaqdır. Beləliklə, mopedi idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.
Xatırladaq ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və yaxud iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.
