Azərbaycanda bəzi yas məclislərində mollaya pul verərək salavat oxutmaq ənənəsi zaman-zaman müzakirələrə səbəb olur. Bəs dini baxımdan salavatın pul qarşılığında sifariş edilməsi doğrudurmu? Bu hal ibadətin mahiyyətinə zidd sayılırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, salavat dua xarakteri daşıyır və əsasən Həzrət Məhəmmədə (s) və onun ailəsinə salam və rəhmət diləməkdən ibarətdir.

Onun sözlərinə görə, salavat qısa və hər kəsin asanlıqla oxuya biləcəyi zikrdir:
“Müsəlmanlara müxtəlif hallarda Peyğəmbərə (s) salavat göndərmək tövsiyə olunur. Bəzi yas məclislərində isə mollaya şabaş verərək salavat sifariş edirlər. Bu, sanki toy məclisində xanəndəyə pul verib mahnı sifariş etmək kimidir. Halbuki salavatı hər kəs özü oxumalıdır.”
İlahiyyatçı qeyd edib ki, dini ayinlərin və ibadətlərin maddi qazanc vasitəsinə çevrilməsi İslamın ruhuna uyğun deyil.
“Başqası salavat oxuyursa, buna görə ona pul vermək lazım deyil. Dini ayinləri, ibadətləri pul qarşılığında ticarətə, alverə, biznesə çevirmək haramdır. Pulla salavat satılmaz. Təəssüf ki, bu kimi cəfəng adətləri bəzi istismarçı ruhani çevrələr formalaşdırıb.”
Tural İrfan vurğulayıb ki, din qazanc mənbəyi deyil, mənəvi və əxlaqi dəyərlər sistemidir. Bir sözlə, yas məclislərində salavatın pul qarşılığında oxunması və bunun alver predmetinə çevrilməsi doğru deyil.
Aynurə İsmayıl
KONKRET.az
