Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə dron hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirilib ki, İstanbul limanında qeydiyyatda olan “Mv Reyhan Sarı” adlı gəmi kömür yükü ilə Taman limanından Trabzona doğru hərəkət edərkən hücuma məruz qalıb. Hadisənin Novorossiysk bölgəsində baş verdiyi qeyd olunur.
Məlumata görə, hadisə zamanı gəminin mexaniki şöbəsində çalışan əməkdaş həyatını itirib. Yaralanan üç nəfərə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdirilib.
Hücum nəticəsində zədələnən gəmi hərəkətini davam etdirərək Trabzona çatıb. Hazırda gəmidə təhlükəsizlik tədbirləri gücləndirilib, texniki baxış və axtarış-xilasetmə işləri aparılır.
