Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yaranmış vəziyyətlə bağlı bir qrup tanınmış kino xadimi və ziyalı birgə bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, bəyanatda bildirilib ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı il tarixində vəfat etməsindən sonra İttifaqa yeni sədrin seçilməsi zərurəti yaranıb.
Qeyd olunub ki, yeni seçkilər ərəfəsində qurumun yaradıcılıq fəaliyyəti, maliyyə vəziyyəti və digər mühüm məsələlər kino ictimaiyyəti və seçicilər üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, AKİ-nin üzvü olan bir sıra tanınmış kino xadimləri və görkəmli ziyalılar birgə bəyanatla aidiyyəti dövlət orqanlarından seçki prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın Nizamnaməsinə uyğun, şəffaf və obyektiv şəkildə keçirilməsi istiqamətində peşəkar dəstək göstərilməsini xahiş ediblər.
Bəyanat müəlliflərinin sözlərinə görə, buna baxmayaraq, İttifaqda “İcraçı katib” vəzifəsini tutan, son dövrlərdə isə sabiq sədrin verdiyi səlahiyyətlərdən istifadə edərək faktiki idarəçiliyi həyata keçirən Əli İsa Cabbarov qeyd olunan şəffaflıq prinsiplərini gözləmədən, məhdud sayda üzvlərin iştirakı ilə təcili toplantı keçirib və həmin toplantıda özünün “sədr” seçildiyini ictimaiyyətə bəyan edib.
Bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həmin toplantının qanunvericiliyin və İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyi, kvorumun təmin olunmadığı və digər prosedur pozuntularına yol verildiyi müəyyən edilib. Nəticədə sözügedən “seçki” legitim hesab edilməyib, qəbul olunmuş qərarlar hüquqi qüvvəyə minməyib və Əli İsa Cabbarovun “sədr” statusu təsdiqlənməyib.
Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikasının Hesablama Palatası kino xadimlərinin və ziyalıların müraciətlərini nəzərə alaraq İttifaqın maliyyə fəaliyyətinin araşdırılmasına başlayıb. İddia olunur ki, aparılmış yoxlamalar zamanı sədr səlahiyyətlərini mənimsədiyi bildirilən “icraçı katib”in rəhbərlik etdiyi dövrdə dövlət büdcəsindən AKİ-yə ayrılmış vəsaitlərin bir hissəsi İttifaqın Nizamnaməsinin tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərclənib. Hesablama Palatasının İttifaqa təqdim etdiyi arayışda konkret faktlar əsasında dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin təyinatı üzrə istifadə olunmadığı və digər məqsədlərə yönəldildiyi göstərilib.
Bəyanat müəllifləri hesab edirlər ki, Əli İsa Cabbarov bu faktlardan nəticə çıxarmaq əvəzinə dövlət qurumlarının rəyini qəbul etməyib, Hesablama Palatasının araşdırmasının əhəmiyyətini inkar edib, təcrübəli kino xadimlərinin və ziyalıların çağırışlarını nəzərə almayıb, yenidən sədr vəzifəsinə yiyələnmək cəhdlərini davam etdirib. Onların fikrincə, bu cür davranış dövlət institutlarının nüfuzuna, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqının cəmiyyətdə formalaşmış nüfuzuna xələl gətirməklə yanaşı, qanunun aliliyi və kollektiv idarəetmə prinsiplərinə uyğun hesab edilmir.
Bəyanatda həmçinin vurğulanıb ki, diqqəti aşkar olunmuş maliyyə pozuntularından yayındırmağa yönəlmiş bu cür addımlar digər qanun pozuntularına dair şübhələrin yaranmasına da əsas verir.
Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar keçirilmiş geniş tərkibli toplantıda 27 nəfərdən çox tanınmış kino xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, Katibliyin üzvləri, Xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar artistlər, rejissorlar, ssenaristlər, operatorlar, kinoşünaslar və İttifaqın digər nüfuzlu üzvləri iştirak ediblər.
Toplantıda AKİ-də yaranmış mövcud vəziyyət ətraflı müzakirə olunub, mərhum Xalq artisti Rasim Balayevin uzun sürən xəstəliyi və sonradan vəfatı ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olduğu vurğulanıb.
Müzakirələrin yekununda iştirakçılar yekdilliklə belə qənaətə gəliblər ki, “icraçı katib” Əli İsa Cabbarovun qanunvericiliyin və Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin tələblərinə zidd hesab edilən hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir.
Bildirilib ki, hazırda məsələ ilə bağlı müvafiq dövlət hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib. Müraciətdə baş vermiş hallara hüquqi qiymət verilməsi, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılması və qanuni tədbirlərin görülməsi xahiş olunub.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd edilib.
