Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
KONKRET.az-ın xəbərinə görə, o qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya olunmalıdır.
Paşinyanın sözlərinə görə, dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
“Bir daha deyirəm: mən sülhün alternativini görmürəm. Hazırda bunu dünən Milli Assambleyada aparılan müzakirələr kontekstində deyirəm. Sülhün möhkəmləndirilməsi və institusional reallığa çevrilməsi Ermənistan Respublikasının baş naziri kimi mənim birinci, ikinci və üçüncü dərəcəli vəzifəmdir. Bu yolda ardıcıl və qətiyyətlə irəliləyəcəyəm. Sülh dönməz və institusional olmalıdır”, – deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri vurğulayıb ki, beynəlxalq aləmdə baş verənlər dünya nizamının, əslində, dağıldığını göstərir.
Onun sözlərinə görə, belə bir dövrdə Azərbaycanla sülhün əldə olunması mühüm nailiyyətdir.
“Xoşbəxtlikdən bu dövrdə sülhə nail ola bildik. Ancaq bizim vəzifəmiz iki illik sülhü 20 ilə, bir illik sülhü 200 ilə, 200 illik sülhü isə 400 ilə və daha uzun müddətə çevirməkdir”, – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
