Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdibackend

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdi

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfəri barədə paylaşım edib.

KONKRET.az xəbər verir ki, A.Babiş səfər təəssüratlarını öz “Facebook” hesabında paylaşıb.

“Yanvar ayında Davosda keçirilən konfransda mən İlham Əliyevə söz vermişdim ki, Avropa İttifaqından kənara ilk səfərimi Azərbaycana edəcəyəm. Bu vədi yerinə yetirə bildiyimə və Qəbələdə onun iqamətgahına dəvətini qəbul etdiyimə görə şadam”, – o qeyd edib.

Dostyana qəbul üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən baş nazir bildirib ki, ötən il ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 42 milyard təşkil edib. O qeyd edib ki, bunun əsas hissəsini Azərbaycan neftinin Çexiyaya tədarükü təşkil edib.

“Biz İlham Əliyev ilə razılaşdıq ki, digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək istəyirik. Qaz təchizatı üzrə uzunmüddətli müqaviləyə böyük maraq göstəririk, buna görə də ČEZ nümayəndələri də bizimlə buradadır və mən inanıram ki, buna nail olacağıq. Prezident Əliyev əsasən enerji və sənaye sahələrində əməkdaşlıqla məşğul olacaq hökumətlərarası iqtisadi komissiyanın yaradılmasını təklif etdi. Çexiya tərəfdən ona Karel Havliçek, Azərbaycan tərəfdən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək”, – A.Babiş vurğulayıb.

 

 

O, Karlovı Varı hava limanının inkişafı və çex şirkətləri ilə əməkdaşlıq barədə konkret layihələrin müzakirə olunduğunu bildirib.

“Bu şirkətlər Azərbaycan bazarını yüksək qiymətləndirir və məsələn, çex silahları burada mühüm tədarükçülər sırasındadır. Bu gün biz 77 Azərbaycan və 50 çex şirkəti nümayəndəsinin iştirak etdiyi Azərbaycan-Çexiya biznes forumunda bu müzakirələri davam etdiririk”, – baş nazir yazıb.

Eyni zamanda Çexiya dövlət rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

“Əlbəttə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirəm və buna görə də Prezident İlham Əliyevi və xanımını məmnuniyyətlə Çexiyaya dəvət etdim. Bu mənim üçün böyük şərəf idi və gələcək əməkdaşlığa ümid edirəm”, – A.Babiş əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*