Azərbaycanda inhisarda olan ən başlıca sahələrdən biri də dərman idxalı və satışıdır. İndi deyə bilərsiniz ki, axı hər tində-bucaqda bir aptek fəaliyyət göstərir və dərman satışı həyata keçirir. Axı bu sahə necə inhisarda ola bilər? Sualın cavabı çox sadədir. Aptek açmaq üçün lisenziyanı Səhiyyə Nazirliyi versə də, bu işə başlamaqdan ötrü “xeyir-dua”nı ölkəyə dərman idxal edən şəxslərdən almaq əsas şərtdir. Bu sahənin Azərbaycanın ən varlı iki deputatının monopoliyasında olması isə heç kimə sirr deyil. Ancaq mövzumuz apteklərə “krışalıq” edənlərin kimliyini açıqlamaq olmadığından, təfərrüatlara varmaq istəmirəm.
Digər bir vacib məsələ isə ölkəyə gətirilən dərmanların keyfiyyət göstəriciləri ilə bağlıdır. Burada da Azərbaycan inkişaf etmiş digər ölkələrdən çox geridə qalır. Hətta bu işlə yaxından maraqlanan bir nəfər yaxın tanışım nəql edirdi ki, Azərbaycan şirkətləri xaricdən dərman sifarişi verərkən tərkibində zəruri olan komponentlərdən bir neçəsinin çıxarılmasını istəyirlər. Əsas maya dəyəri ucuz başa gəlsin, onsuz da “komsomolun canı it canıdır”. Nəticədə baş ağrısı üçün istifadə etdiyimiz dərman başımızın ağrısını kəssə də, ürəyimizi, yaxud mədəmizi və digər orqanlarımızı sıradan çıxarır.
Maya dəyəri ucuz başa gələn dərmanın əhaliyə “od qiymətinə” satılması isə bir ayrı dərddir. Dərdimizi deyəcək bir adam olmadığından çarə qələmə qüvvət verməyə qalır. Bəlkə yazdıqlarımızı oxuyub səsimizə-səs verən tapılar. Azərbaycan özü dərman istehsal etmədiyindən, bu vasitələr ölkəyə xaricdən gətirilir. Bu işi həyata keçirən monopolistlər ölkəyə gətirdikləri dərman pereparatlarını sonradan ayrı-ayrı “sahibkar”lara satır. Aptek sahibləri isə üzərinə bir az da pul qoyaraq əhaliyə sırıyır. Nəticədə həm monopolist, həm də sahibkar “milyonçu”ya çevrilir, sadə vətəndaşın isə keyfiyyətsiz dərmanlardan həm pulu, həm də canı gedir. Elə bu səbəbdəndir ki, hər tində bir aptek açanların sayı durmadan artır. Şəxsən tanıdığım bir sahibkar balaca aptek açaraq fəaliyyətə başlasa da, indi 3-4 “obyekt”ə rəhbərlik edir. Üstəlik, vaxtilə özü satıcı kimi işlədiyi aptekində indi ən azı 5-10 nəfər əczaçı çalışır. Necə deyərlər, “tarix budur ey student qədeş”.
İndi isə keçək əsas məsələyə. Son zamanlar aptek sahibləri keyfiyyətsiz və baha dərmanlar satmaqları azmış kimi, həm də insanların “cibinə” digər vasitələrlə yol tapmağa çalışırlar. Xüsusən də yaşadığım Sumqayıt şəhərində bəzi aptek sahiblərinin həddini aşdığını müşahidələrimə əsasən deyə bilərəm. Belə ki, bir neçə aptekdə müştərilərə çek verilmədiyi, hətta “ƏDV”nin geri qaytarılmadığı haqda şikayətlər mövcuddur. Sumqayıtda fəaliyyət göstərən “Fəxri” apteklər şəbəkəsini buna misal çəkmək olar. Hələ iki il öncə də bu aptekin müştəriləri özündən narazı saldığı haqda məlumatlar qulağıma çatırdı. Görünür, indi də heç nə dəyişməyib. Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Adıçəkilən apteklər şəbəkəsi müştəriyə çek verməməsini özünəməxsus şəkildə, “unikal” formada izah edir. Guya yeni qanuna görə, dərmanların qiymətlərində güzəşt edilirsə, o zaman “ƏDV” geri qaytarılmır. Yəni, sənə nisbətən ucuz dərman satıram, yaxud endirim edirəmsə, bunun əvəzini “cibinə” mədəni surətdə girərək çıxmalıyam. Belə yerdə deyirlər, “başınıza dəysin endiriminiz”. Ümid edirəm ki, apteklərin yeni “hoqqa”sı haqqında aidiyyatı dövlət qurumları lazımı ölçü götürəcəklər və insanları “ikiqat soyan” aptek sahibləri haqda tədbir görəcəklər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
