Azərbaycanda minlərlə vətəndaş illərlə kirayədə yaşayır və bir çox hallarda həmin mənzildə rəsmi qeydiyyata da düşür. Bu isə zaman-zaman “uzun müddət eyni evdə yaşamaq və qeydiyyatda olmaq gələcəkdə kirayəçiyə həmin mənzil üzərində hər hansı hüquq qazandıra bilərmi?” sualını gündəmə gətirir.
Bəs illərlə kirayədə yaşayan və həmin ünvanda qeydiyyatda olan şəxs sonradan evdən pay tələb edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş yaşayış yerini dəyişdikdən sonra iki aydan artıq həmin ünvanda qalacaqsa, həmin ünvanda qeydiyyata düşməlidir.

Elnur Azadov
Onun sözlərinə görə, praktikada bir çox ev sahibləri tanımadıqları şəxsləri mənzildə qeydiyyata salmaq istəmirlər:
“Əslində kirayə müqaviləsi olsa belə, ev sahibləri sonradan yarana biləcək problemlərə görə kirayəçiləri qeydiyyata salmaqdan çəkinirlər. Ən böyük problem isə kirayəçinin sonradan könüllü şəkildə qeydiyyatdan çıxmamasıdır. Bu halda mülkiyyət sahibi məhkəməyə müraciət etməli olur ki, bu da həm vaxt, həm də əlavə prosedurlar tələb edir.”
Ekspert qeyd edib ki, kirayəçi mənzildə 3-6 ay yaşadıqdan sonra başqa ünvana köçsə belə, yeni yaşayış yerində qeydiyyata düşə bilmədiyi hallarda əvvəlki ünvandakı qeydiyyatını saxlayacaq. Əgər həmin şəxs könüllü olaraq qeydiyyatdan çıxmasa, ev sahibi onu yalnız məhkəmə qərarı ilə qeydiyyatdan çıxara bilər.
Elnur Azadovun sözlərinə görə, bu cür hallar mənzilin satışı zamanı da çətinlik yarada bilir:
“Ev sahibi mənzili təcili satmaq istədikdə, mənzildə qeydiyyatda olan şəxslə bağlı hüquqi prosedurlar ortaya çıxır. Bu da satış prosesini ləngidəcək.
Kirayəçinin uzun illər həmin mənzildə yaşaması və ya həmin ünvanda qeydiyyatda olması ona mənzil üzərində mülkiyyət hüququ və ya evdən pay tələb etmək imkanı vermir. Qeydiyyat yalnız şəxsin yaşayış yerini təsdiqləyən inzibati prosedurdur və daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaratmır. Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslarla əldə edilə bilər”.
Aynurə İsmayıl
KONKRET.az
