ABŞ Prezidenti Donald Tramp NATO sammitində İranla bağlı sərt mesajlar verərək Vaşinqtonun mövqeyinin dəyişmədiyini nümayiş etdirib. Onun diplomatik münasibətlərin faktiki dayanması və Tehranın siyasətinə dair səsləndirdiyi fikirlər Yaxın Şərqdə gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Bəs Trampın bu açıqlamaları regionda yeni hərbi eskalasiyaya zəmin yarada bilərmi və bu proses qlobal təhlükəsizlik üçün hansı riskləri yaradır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs xarakterli razılaşma artıq faktiki olaraq qüvvəsini itirib.

Məhəmməd Əsədullazadə
Onun sözlərinə görə, SEPAH-ın ticarət gəmilərinə atəş açması tərəflər arasında mövcud olan memorandumun pozulması kimi qiymətləndirilə bilər:
“İranın daxili siyasi sistemində ABŞ ilə danışıqlarda maraqlı olmayan qüvvələr mövcuddur. Həmin dairələr çalışırdı ki, Vaşinqton və Tehran arasında heç bir memorandum imzalanmasın və qeyri-sabit vəziyyət davam etsin. Hazırda ABŞ-ın cavab zərbələri endirməsi də gərginliyin yeni mərhələyə keçdiyini göstərir.”
Politoloq hesab edir ki, İranla uzunmüddətli razılaşmanın əldə olunması hazırkı mərhələdə olduqca çətindir:
“Baş verən hadisələr birbaşa Üçüncü Dünya müharibəsinə gətirib çıxarmasa da, regionda yeni və daha genişmiqyaslı müharibənin başlanması ehtimalını artırır. Əslində, İran və ABŞ arasında qarşıdurma artıq yeni mərhələyə daxil olub.”
M. Əsədullazadənin fikrincə, Vaşinqton indiyədək Tehrana münasibətdə müəyyən güzəştlərə də gedib:
“ABŞ İrana müəyyən imkanlar tanımışdı, hətta sanksiyaların yumşaldılması istiqamətində addımlar atılırdı. Lakin Tehran bu imkanlardan konstruktiv şəkildə istifadə etmədi. Nəticədə tərəflər arasında qarşıdurma yenidən dərinləşdi və hərbi gərginlik artmaqda davam edir.”
Müşviq Tofiqoğlu
KONKRET.az
