Tibbi müayinə və ya müalicə məqsədilə Tiflisə səfər edən Azərbaycan vətəndaşları üçün “Azərbaycan Dəmir Yolları” (ADY) tərəfindən qatar biletlərində güzəşt tətbiq edilməsi ilə bağlı müzakirələr davam edir. Bəzi vətəndaşlar hesab edirlər ki, müalicə məqsədilə xaricə üz tutan şəxslər üçün xüsusi güzəştlər nəzərdə tutulmalıdır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı isə problemin güzəştdə deyil, mövcud bilet qiymətlərində olduğunu bildirib.

Tural Abbaslı
Onun sözlərinə görə, Bakı–Tiflis qatarında tətbiq olunan tariflər real bazar qiymətlərini əks etdirmir:
“Mən hesab edirəm ki, təkcə Gürcüstana müalicə üçün gedənlərə güzəşt tətbiq olunması düzgün yanaşma deyil. Əsas problem odur ki, qatar biletlərinin qiymətləri şişirdilib və real qiymətləri əks etdirmir. Uzun illər Bakı–Tiflis qatarı fəaliyyət göstərib. Məsələn, Bakıdan Qazaxa bilet 20 manat idisə, Bakıdan Tiflisə də təxminən 25-30 manat civarında olurdu.”
Tural Abbaslı bildirib ki, sonradan qiymətlərin 81 manata qaldırılması, daha sonra isə güzəşt adı ilə 65 manata endirilməsi də yüksək tarif problemini aradan qaldırmır:
“81 manat edib sonra “güzəşt etdik, 65 manat oldu” demək yenə də kifayət qədər yüksək qiymətdir. Tarifləri normal bazar standartlarına uyğunlaşdırsalar, heç kimə ayrıca güzəşt etməyə ehtiyac qalmaz. Münasib qiymətlər tətbiq olunacağı təqdirdə, istər müalicə, istər istirahət, istərsə də təhsil və ya ailəvi səbəblərlə Gürcüstana getmək istəyən hər kəs bundan faydalana bilər. Biz niyə öz dəmir yollarımızdan bu qədər bahalı bilet almalıyıq? Xəstə olduğu üçün ayrıca güzəşt etmələrinə ehtiyac yoxdur. Belə “minnətli güzəşt” lazım deyil.”
Abbaslı hesab edir ki, Bakı–Tiflis qatarı üçün optimal tarif 25-35 manat aralığında olmalıdır:
“Sanki insanlar Marsa səfər edirlər ki, Bakı–Tiflis qatarının bileti bu qədər baha olsun. Bakıdan Tiflisə 81 manatlıq biletin heç bir iqtisadi əsası yoxdur. Normal qiymət müəyyən olunsa, bu, həm vətəndaşlar, həm də daşıyıcı üçün daha məqsədəuyğundur.”
Aynurə İsmayıl
KONKRET.az
