Fransada hüquqi və faktiki baxımdan mövcud olmayan qondarma “Arsax Respublikası”nın nümayəndəsi kimi təqdim olunan Ovanes Gevorkyanın “Atlantico.fr” portalında beynəlxalq hüquqla bağlı məqalə dərc etdirməsi və bu platformanın ona təqdim olunması müzakirələrlə nəticələnib.
KONKRET.az xəbər verir ki, məqalədə Gevorkyan Qarabağdan erməni əhalisinin “məcburi köçürülməsi”ndən və beynəlxalq hüquqdan bəhs etsə də, qondarma rejimin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı nəticəsində yaradıldığını və heç vaxt dünya dövlətləri tərəfindən tanınmadığını qeyd etmir.
Bildirilir ki, Ermənistan təxminən 30 il ərzində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərini işğal altında saxlayıb. Həmin dövrdə yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç bir dövlət tanımayıb. Hətta Ermənistanın özü də uzun müddət bu qurumu rəsmi şəkildə tanımaqdan çəkinib.
Məqalədə vurğulanır ki, Azərbaycan illər ərzində münaqişənin diplomatik yolla həllinə çalışıb, lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyərək işğalçı qüvvələri ərazilərdən çıxarmayıb. Yalnız 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra işğala son qoyulub.
Qeyd olunur ki, müharibədən sonra Bakı sülh sazişi təşəbbüsü ilə çıxış edib və uzunmüddətli danışıqların nəticəsi olaraq Vaşinqtonda saziş paraflanıb.
Bununla belə, iddia olunur ki, məhz bu mərhələdə erməni diasporu, müxtəlif lobbi qrupları və keçmiş separatçı ideoloqlar informasiya kampaniyasını gücləndirərək Azərbaycanın beynəlxalq hüququ pozduğu görüntüsünü yaratmağa çalışırlar.
Yazıda Fransanın bu prosesdə xüsusi rol oynadığı qeyd edilir. Müəllifin fikrincə, Paris illər boyu vasitəçi kimi çıxış etsə də, praktikada Ermənistana yaxın mövqe nümayiş etdirib, hazırda isə həm İrəvana silah tədarük edir, həm də qondarma “Arsax”ın Fransadakı “nümayəndəliyinin” fəaliyyət göstərməsinə imkan yaradır.
Məqalədə sual olunur ki, beynəlxalq hüquqa sadiqliyini bəyan edən bir ölkədə heç vaxt tanınmamış və artıq mövcud olmayan qurumun “nümayəndəliyi” necə sərbəst fəaliyyət göstərə, konfranslarda iştirak edə, siyasətçilərlə görüşə və mətbuatda çıxış edə bilir?
Hesab edilir ki, əgər Fransa bu praktikanı normal sayırsa, eyni yanaşma onun öz əraziləri ilə bağlı da tətbiq oluna bilərdi. Yazıda vurğulanır ki, Paris belə halları öz ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirərdi.
Sonda qeyd edilir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin yekun mərhələyə yaxınlaşdığı bir vaxtda qondarma “Arsax” layihəsinin müxtəlif simvolik vasitələrlə gündəmdə saxlanılması revanşist meylləri gücləndirə və regionda davamlı sülhə mənfi təsir göstərə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
