27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən KONKRET.az-a verilən məlumata görə, 27 aprel tarixində vətəndaşlar tərəfindən ümumilikdə 12458 onlayn növbə götürülüb. Bunlardan 8827-si (71%) mərkəzlərə gələrək xidmətlərdən istifadə edib, 3631-i (29%) növbə alıb, lakin xidmət üçün mərkəzə gəlməyib. Onlayn növbə almaqla xidmətlərdən istifadə edən vətəndaşların 3883 nəfəri (43%) təyin olunmuş vaxtdan təxminən 2 saat öncə mərkəzə gəlib, 497 vətəndaş isə təyin olunmuş vaxtdan gec gəlib.
Aparılmış təhlillər nəticəsində aşkar edilmiş hallar onu deməyə əsas verir ki, vətəndaşların təyin edilmiş vaxtlarda gəlməməsi mərkəzlərdə insanlar arasında təmasın minimallaşdırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, eləcədə digər vətəndaşların xidmətlərdən rahat istifadə etməsi və növbə götürməsi üçün çətinliklər yaradır.
