ASAN Xidmətdə təqdim etdiyi sürücülük vəsiqəsinin saxta olduğu üzə çıxdı – MƏHKƏMƏbackend

ASAN Xidmətdə təqdim etdiyi sürücülük vəsiqəsinin saxta olduğu üzə çıxdı – MƏHKƏMƏ

Nərimanov Rayon Məhkəməsində rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Akif Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, Akif Həsənov Azərbaycan Respublikasında sürücülük vəsiqəsi almaq məqsədilə mənşəyi istintaqa məlum olmayan, printer vasitəsilə hazırlanmış və rəsmi sənəd nümunəsinə uyğun olmayan tam saxta Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsindən istifadə edib.

Cinayət işinin materiallarında göstərilir ki, o, 2024-cü ildə Bakı şəhərində yerləşən ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsinə müraciət edərək “B”, “B1”, “C”, “C1” və “M” kateqoriyaları üzrə verilmiş kimi təqdim olunan sürücülük vəsiqəsini Azərbaycan sürücülük vəsiqəsi ilə dəyişmək məqsədilə təqdim edib.

Sənəd yoxlanılarkən onun saxta olduğu müəyyən edilib və faktla bağlı cinayət işi başlanıb.

İstintaq orqanı Akif Həsənovun əməlini Cinayət Məcəlləsinin 320.2-ci maddəsi – bilə-bilə saxta rəsmi sənəddən istifadə etmə maddəsi ilə tövsif edib.

Məhkəmə iclasında ifadə verən Akif Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Onun sözlərinə görə, 2022-ci ilin may ayında Bakı şəhərində yerləşən uşaq bağçalarından birinin yaxınlığındakı “Yaşıl Məkan” kafesində tez-tez rastlaşdığı Elçin adlı şəxs ona münasib qiymətə Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi təşkil edə biləcəyini deyib. Həmin vaxt 18 yaşı tamam olduğu üçün təkliflə razılaşıb və Elçin adlı şəxsə 400 manat ödəyib. Elçin yalnız iki ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini istəyib. Bir neçə gün sonra isə “RUS” qeydiyyatlı, B və C kateqoriyaları üzrə sürücülük vəsiqəsini ona təqdim edib.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, sonradan həmin sənədi Azərbaycan sürücülük vəsiqəsi ilə əvəz etmək qərarına gəlib. İlk dəfə 2022-ci ilin sonlarında ASAN Xidmətə müraciət etdiyini və bir il müddətinə Azərbaycan sürücülük vəsiqəsi aldığını söyləyib.

Daha sonra 2024-cü ildə yenidən ASAN Xidmətə müraciət edərək həmin Rusiya sürücülük vəsiqəsini təqdim edib. Yoxlama zamanı ona sənədin saxta olduğu bildirilib və vəsiqə götürülüb.

Akif Həsənov məhkəmədə qeyd edib ki, heç vaxt Rusiyada olmayıb, sənədi əldə etmək üçün heç bir rəsmi dövlət orqanına müraciət etməyib və Elçin adlı şəxs də dövlət qurumunun əməkdaşı olmayıb.

Bununla belə, o iddia edib ki, sənədin saxta olduğunu yalnız ikinci dəfə ASAN Xidmətə müraciət edərkən öyrənib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində videoçəkilişlə qeydə alınmış ifadəsində tamamilə fərqli mövqe nümayiş etdirib.

Həmin ifadəsində o, sənədin qeyri-qanuni yolla hazırlandığını və saxta olduğunu əvvəlcədən bildiyini etiraf edib. Bildirib ki, məqsədi həmin vəsiqədən istifadə etməklə Azərbaycana məxsus yeni sürücülük vəsiqəsi əldə etmək olub.

Məhkəmə bu ziddiyyətləri araşdıraraq ibtidai istintaqda verilmiş ifadəni sübutlar sırasında qiymətləndirib.

Məhkəmə istintaqının sonunda Akif Həsənov elan olunmuş ittiham üzrə özünü tam təqsirli qəbul edib.

O, törətdiyi əməldən peşman olduğunu bildirərək, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini əsas gətirib və barəsində cinayət təqibinə həmin əsasla xitam verilməsini məhkəmədən xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*