Aslan İsmayılov: “Bildirirlər ki, polis narkotik alverçilərini tutur, sonra isə pulunu alıb buraxır”backend

Aslan İsmayılov: “Bildirirlər ki, polis narkotik alverçilərini tutur, sonra isə pulunu alıb buraxır

“Narkotiklərlə bağlı canlı yayımdakı çıxışıma (“Facebook”da-red) olan rəyləri oxudum. Əksəriyyət birmənalı şəkildə polisi günahlandırır. Mənim DİN-ə münasibətim bəllidir və onların qanunsuz əməlləri barədə dəfələrlə yazmışam və yazacam. Ancaq şərhləri oxuduqdan sonra bir peşəkar kimi rəylərdə haqsızlığa yol verildiyini qeyd etməyə bilmirəm. Bir daha deyirəm ki, DİN-i müdafiə etmək fikrim yoxdur, ancaq haqsızlığa da susmaq istəmirəm. Rəylərdə əksəriyyət bildirir ki, polis tutur, sonra isə pulunu alıb buraxır. Bu işlə maraqlandıqda isə tamam başqa səhnəni gördüm. Bəli, polis tutur, sonra isə narkotik alverinə görə tutulanlar sərbəst buraxılırlar və bunu görə də tək polisi günahlandırmaq səhvdir. Həmin buraxılanların əksəriyyəti əvvəl prokurorluq orqanları, sonra isə məhkəmələr tərəfindən buraxılır. Bunu polis məndən də yaxşı bilir, ancaq prokurorluq və məhkəmələrlə problemlər yaşamamaq, kolleqaları ilə münasibətlərini korlamamaq üçün bunu elan etmirlər”.

KONKRET.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, qanuna görə, polis istənilən şəxsi ancaq 48 saat şübhəli şəxs qismində saxlaya bilər: “Daha uzun müddətə azadlıqdan məhrum etmək üçün polis müstəntiqi şübhəli şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi üçün vəsatətlə prokurorluğa müraciə edir, o isə əsaslı sayırsa, öz növbəsində vəsatətlə məhkəməyə müraciət edir. Bu mərhələdə prokurorluq az qala narkotik alverində şübhəli bilinənlərin yarısı haqqında həbs qətimkan tədbiri seçilməsinə əsas görmür və məhkəməyə müraciət etmir. Polis də qanuna görə həmin şəxsi 48 saatdan sonra azad etməyə məcburdur. Əgər prokurorluq vəsatəti əsaslı sayırsa, öz növbəsində vəsatətlə narkotik alverində şübhəli bilinən şəxsin həbs edilməsi üçün məhkəməyə müraciət edir. Bu mərhələdə də ən azı yarısı haqqında məhkəmə həbs qətimkan tədbiri seçməkdən imtina edib, başqa qətimkan tədbirləri seçir və bu dəfə də polis 48 saatdan sonra şübhəli şəxsi azad etməyə məcbur edilir. Məhkəmə dövrü digər bir struktur da peyda olur. Narkotik alverində şübhəli bilinən bəzi şəxslər haqqında ekspertizalar sağlamlığına görə həbs qətimkan tədbirinin seçilməsini mümkünsüz sayır və məhkəmə istəsə də həbs qətimkan tədbiri seçə bilmir. Bu dəfə də polis həmin şəxsləri həbsdən azad etməyə məcbur olur. Bəzilərinə isə ekspertizalar anlaqsız diaqnozu qoyurlar. Bu da bir çox hallarda həmin şəxs haqqında həbs qətimkan tədbiri seçməyə imkan vermir və narkotik alverini ustalıqla həyata keçirən şəxs dəli adı ilə azad olunur və öz peşəsini davam etdirir. Məhkəmələr həm də bir çox hallarda satıcıları adi istifadəçi kimi məhkum edib cüzi cəza ilə işi bitirirlər. Sadaladıqlarım strukturların hamısı əksər halda bu qanunsuzluqları rüşvət müqabilində edirlər. Narkotik alverində isə pul saysız hesabsızdır. Belə olan təqdirdə bəzi polis işçiləri “mən tutum prokurorluq, məhkəmə, ekspertizalar niyə pul alsın, özüm ondan əskik deyiləm ki”, prinsipinə əsasən məsələni elə özləri həll edirlər. Bu məsələyə bu qədər diqqət ayırmaqda məqsədim ancaq “polis günahkardır” fikrinin yanlış olmasını diqqətinizə çatdırmaq idi. Ona görə də bu problemin həllini tək DİN-də deyil, bütün hüquq-mühafizə, məhkəmə orqanlarında və ən əsası özümüzdə görməliyik. Gördüklərimizə susmaq, kənardan seyr etməklə bu bəladan qurtulmaq mümkün deyil. Bir daha təkrara edirəm ki, bu artıq xalqımız üçün milli təhlükəsizlik məsələsidir və həllinə hamılıqla çalımalıyıq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*