Son günlər ölkədə mövsümi qrip və kəskin respirator virus infeksiyalarının yayılması, xüsusilə məktəb yaşlı uşaqlar arasında yoluxma hallarının artması valideynlər və ictimaiyyət arasında narahatlığı artırıb. Təhsil müəssisələrində şagirdlərin sıx təmasda olması isə bu cür infeksiyaların daha sürətlə yayılması riskini gündəmə gətirir. Belə bir şəraitdə ən çox müzakirə olunan məsələlərdən biri də məktəblərin müvəqqəti olaraq distant təhsil rejiminə keçirilib-keçirilməyəcəyi ilə bağlıdır: görəsən, mövcud vəziyyət buna əsas verirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı vəziyyətdə məktəblərin distant təhsilə keçirilməsi gündəmdə deyil.

Onun sözlərinə görə, hər hansı fövqəladə hal baş vermədiyi təqdirdə dövlət səviyyəsində belə qərarların qəbulu mümkün hesab olunmur.
Ekspert qeyd edib ki, distant təhsil forması Azərbaycanda yalnız xüsusi hallarda – yəni fors-major vəziyyətlərdə tətbiq olunur:
“Beynəlxalq səviyyədə pandemiya təhlükəsi yaranarsa, Səhiyyənin tövsiyəsi əsasında Nazirlər Kabineti qərar verə bilər. Belə hallarda tədris müvəqqəti olaraq distant formada keçiriləcək.
Virus infeksiyaları ilin müxtəlif vaxtlarında yayılır və bu, artıq adi hal kimi qəbul edilir. Mövcud vəziyyət isə təhsilin distant formata keçirilməsi üçün əsas yaratmır. Ciddi təhlükə və ya rəsmi qurumların xüsusi xəbərdarlığı olmadığı müddətdə belə bir addımın atılması gözlənilmir.”
Ekspert həmçinin vurğulayıb ki, distant təhsilin geniş tətbiqi ilə bağlı məsələlər daha çox fövqəladə və qlobal böhran vəziyyətlərində aktuallaşır və hazırda Azərbaycanda belə bir şərait mövcud deyil.
Beləliklə, mövcud epidemioloji durum məktəblərin fəaliyyətində hər hansı ciddi dəyişiklik üçün əsas yaratmır və ənənəvi tədris prosesi davam edir.
Aynurə İsmayıl
KONKRET.az
