“Əmrullayev gözləntiləri doğrultmadı, dərin islahatlar aparılmalıdır” – Partiya sədri təhsildən DANIŞDIbackend

"Əmrullayev gözləntiləri doğrultmadı, dərin islahatlar aparılmalıdır" - Partiya sədri təhsildən DANIŞDI

Son illər Azərbaycanda təhsil sistemi ətrafında səslənən narazılıqlar artıq təsadüfi və epizodik xarakter daşımır, sistemli problem siqnallarına çevrilməkdədir. İmtahanların getdikcə çətinləşdirilməsi, proqramların tez-tez dəyişdirilməsi və bir vaxtlar yuxarı siniflərdə tədris olunan mövzuların daha aşağı yaş qruplarına ötürülməsi şagirdlər və valideynlər üçün əlavə psixoloji və akademik yük yaradır. Formal olaraq “keyfiyyətin artırılması” kimi təqdim olunan bu dəyişikliklər praktikada çox vaxt şagirdlərin real bilik və bacarıqlarını inkişaf etdirməkdən çox, onları testyönümlü düşünməyə və repetitor asılılığına sürükləyir.

Digər tərəfdən, orta məktəblə ali təhsil arasında açıq uyğunsuzluq qalmaqdadır: 11 illik təhsil alan məzunun universitet imtahanında uğur qazanmaq üçün əlavə hazırlığa ehtiyac duyması sistemin öz daxilində ziddiyyətlər olduğunu göstərir. Tədris edən qurumla qiymətləndirən qurum arasında koordinasiyanın zəifliyi, kurikulumların tez-tez dəyişməsi və vahid strateji xəttin aydın görünməməsi bu problemləri daha da dərinləşdirir. Nəticədə, təhsil sistemi cəmiyyətin gözləntilərinə cavab verməkdə çətinlik çəkir, elmi inkişaf və kadr hazırlığı sahəsində isə arzu olunan nəticələr əldə edilmir.

Bütün bu məqamlar fonunda əsas sual açıq qalır: mövcud təhsil modeli doğrudanmı şagirdin inkişafına xidmət edir, yoxsa sistem özü problemlərin mənbəyinə çevrilib?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, təhsil sistemində həm tədrisin keyfiyyəti, həm də qiymətləndirmə mexanizmləri baxımından ciddi boşluqlar mövcuddur:

Tural Abbaslı — Vikipediya

“İstər orta məktəblərdə tədris prosesi, istərsə də imtahan sistemi və universitetlərə qəbul, eləcə də ali təhsil müəssisələrinin səviyyəsi müəyyən problemlər yaradır. Azərbaycan elminin inkişaf səviyyəsi və gənclərin təhsilə marağı da bunu göstərir. Universitetlərə qəbulun çətinləşməsi, amma eyni zamanda ali təhsilin keyfiyyətinin gözləntiləri tam qarşılamaması ortada bir uyğunsuzluq olduğunu göstərir”.

Onun sözlərinə görə, əsas problemlərdən biri ölkənin vahid və aydın təhsil konsepsiyasının olmamasıdır:

“Bizim təhsil sistemimiz müxtəlif ölkələrin modellərindən götürülmüş elementlərin qarışığından ibarətdir. Konkret hədəflər müəyyənləşdirilməlidir, ibtidai sinif şagirdi nəyi bilməlidir, yuxarı sinif məzunu hansı bacarıqlara sahib olmalıdır, elm sahəsində hansı nəticələrə çatmaq istəyirik və sair suallar cavablandırılmalıdır. Çünki bunlar aydın deyil”.

Tural Abbaslı əlavə edib ki, aşağı siniflərdə dərs yükünün həddindən artıq olması da ciddi problemlərdən biridir. Onun fikrincə, şagirdlər universitetə qədər əsasən repetitor hazırlığına yönəlir, lakin ali təhsil mərhələsində gözlənilən nəticələr əldə olunmur:

“11 il məktəbdə oxuyan şagird universitet imtahanını verə bilmirsə, bu, artıq sistemli problemdir. Üstəlik, tədrisi həyata keçirən qurumla imtahan götürən idarənin fərqli olması şagirdlər üçün əlavə çətinlik yaradır və bu iki struktur arasında dolayısı rəqabət formalaşdırır”.

Ağ Partiya sədri hesab edir ki, mövcud vəziyyət təhsil sistemində köklü islahatların aparılmasını zəruri edir. Nazirin fəaliyyəti ilə bağlı fikirlərini bölüşən Tural Abbaslı Emin Əmrullayevin bu problemlərin həllində yetərli nəticə əldə edə bilmədiyini düşünür:

“Mənim fikrimcə, Emin Əmrullayev bu sahədə gözlənilən nəticələri verə bilmədi. Problemlər qalmaqdadır və bu da göstərir ki, daha sistemli və dərin islahatlara ehtiyac var”.

Qeyd edək ki, son illərdə təhsil sistemində aparılan dəyişikliklərə baxmayaraq, cəmiyyətdə bu sahədə effektivlik və nəticəyönümlülüklə bağlı müzakirələr davam edir. Ekspert bildirir ki, qarşıdakı dövrdə təhsil strategiyasının daha aydın müəyyənləşdirilməsi və tətbiq edilən islahatların real nəticələrə yönəldilməsi əsas prioritetlərdən biri olmalıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*