Leysan Məmmədovla bağlı KONKRET.az saytında gedən yazı ilə bağlı rəsmi açıqlama verilib.
Açıqlamanı Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb. Həmin mətni təqdim edirik:
Qarabağda həyata keçirilən bərpa və tikinti layihələrində şəffaflığın təmin olunması məqsədilə işlər aşağıda göstərilən qaydada həyata keçirilir:
Bildiririk ki, həyata keçirilən bütün tikinti və bərpa işləri Azərbaycan Respublikasının qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə, eləcə də müvafiq normativ-texniki sənədlərə tam uyğun şəkildə icra olunur.
Layihələrin hazırlanması və icrası mərhələsində müasir şəhərsalma prinsipləri, memarlıq standartları, mühəndis-kommunikasiya tələbləri, təhlükəsizlik normaları və ekoloji meyarlar ciddi şəkildə nəzərə alınır. Tikinti prosesində istifadə olunan materiallar və texnologiyalar müəyyən edilmiş keyfiyyət standartlarına cavab verir və müvafiq sertifikatlarla təsdiqlənir.
Bütün işlər aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə-smeta sənədləri əsasında həyata keçirilir və tikinti prosesinə müntəzəm texniki nəzarət təmin olunur. Eyni zamanda, müvafiq nəzarət və yoxlama mexanizmləri vasitəsilə işlərin keyfiyyəti və normativlərə uyğunluğu davamlı olaraq monitorinq edilir.
Ümumi dəyəri 25 milyon manatı keçən üç iri müqavilənin “Platin -M” MMC-yə verilməsinə dair iddialara cavab olaraq bildiririk ki ;
Ümumi dəyəri 25 319 534 (iyirmi beş milyon üç yüz on doqquz min beş yüz otuz dörd) manat təşkil edən “Platin-M” MMC ilə imzalanmış üç müqavilə Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun tələblərinə və bu sahəni tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq satınalma üsulu tətbiq edilməklə həyata keçirilmişdir.
Qeyd olunan işlər üzrə satınalma proseduru Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununda nəzərdə tutulmuş müvafiq satınalma metodlarından istifadə edilməklə həyata keçirilmiş, müəyyən edilmiş prosedur qaydalarına tam riayət olunmuş və qəbul olunan qərar aidiyyəti səlahiyyətli dövlət qurumlarında təsdiq edilməklə həyata keçirilmişdir.
Satınalma metodunun seçilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş meyarlar rəhbər tutulmuş, layihələrin operativ və fasiləsiz icrasının təmin edilməsi, texniki uyğunluq, işlərin spesifik xüsusiyyətləri və iqtisadi səmərəlilik kimi amillər nəzərə alınmışdır.
“Platin-M” MMC-nin müvafiq sahədə təcrübəsi, peşakar işçi heyəti, texniki imkanları və layihə tələblərinə cavabvermə qabiliyyəti kompleks şəkildə qiymətləndirilmiş, nəticədə qeyd olunan şirkətlə müqavilələrin bağlanması məqsədəuyğun hesab edilmişdir.
Əlavə olaraq bildirmək istəyirik ki, işğaldan azad olunmuş ərazilərdə bir çox təchizatçılar fəaliyyət göstərir. Bütün işlər üzrə satınalma müqavilələri qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq satınalma metodları tədbiq edilməklə həyata keçirilir, satınalma prosesləri çərçivəsində qəbul edilmiş bütün qərarlar hüquqi əsaslandırılmış, müvafiq sənədlərlə rəsmiləşdirilmiş və qanunvericilikdə təsbit olunmuş prinsiplərə uyğun şəkildə həyata keçirilmişdir.
Bir daha qeyd etmək istəyirik ki, satınalma prosedurlarına dair qəbul olunmuş bütün qərarlar aidiyyəti səlahiyyətli dövlət qurumlarında təsdiq edilməklə həyata keçirilmişdir.
A kateqoriyalı evlərin kvadratmetri üçün nəzərdə tutulan 150 manatlıq xərcin sənədlərdə 350 manat kimi göstərilməsi ilə bağlı iddialara cavab olaraq bildiririk ki;
Bu iddialar tamamilə əsassız və yanlış yanaşmaya əsaslanır. Ümumiyyətlə, “A kateqoriyalı ev” anlayışı mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır və bu termin hüquqi və normativ baxımdan heç bir təsnifata aid deyil.
Eyni zamanda, təmir-bərpa və tikinti işlərinin dəyəri hər hansı yaşayış obyektlərinin kvadratmetr üzrə vahid qiyməti ilə deyil, təsdiq edilmiş layihə-smeta sənədləri, texniki göstəricilər və qüsur aktları əsasında müəyyən olunur. Hər bir layihə üzrə xərclər fərdi qaydada hesablanır və işin həcmi, texniki mürəkkəbliyi, istifadə olunan materiallar və digər amillər nəzərə alınır.
Bu səbəbdən, fərqli məzmun və metodologiyaya əsaslanan göstəricilərin müqayisə edilməsi nə iqtisadi, nə də hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Səsləndirilən iddialar heç bir rəsmi sənəd və ya təsdiqlənmiş məlumatla dəstəklənmir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa xidmət edir.
Dövlət büdcəsinə 14 milyon manatdan artıq ziyan vurulması ilə bağlı səsləndirilən iddialara cavab olaraq bildiririk ki;
Bu istiqamətdə səsləndirilən iddialar əsassızdır və hər hansı rəsmi sənəd və ya təsdiq olunmuş audit nəticələri ilə dəstəklənmir. Dövlət büdcəsi vəsaitlərinin istifadəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir və müvafiq nəzarət mexanizmləri çərçivəsində mütəmadi yoxlamalara tabedir.
İcra olunan layihələr üzrə bütün maliyyə əməliyyatları təsdiq edilmiş layihə-smeta sənədləri əsasında aparılır, xərclərin məqsədli və səmərəli istifadəsi təmin edilir. Bu proseslər üzərində həm daxili, həm də kənar nəzarət institutları tərəfindən nəzarət həyata keçirilir.
Bu səbəbdən, dövlət büdcəsinə qeyd olunan məbləğdə ziyan vurulması ilə bağlı iddialar reallığı əks etdirmir və tərəfimizdən təsdiqini tapmayan iddia kimi qəbul edilir.
Leysan Məmmədovun əvvəlki fəaliyyət dövrü ilə bağlı Hesablama Palatasının audit hesabatlarında qeyd olunan pozuntulara dair iddialara qurumumuzun mövqeyi aşağıdakı kimidir:
Bu barədə səsləndirilən fikirlər reallığı əks etdirmir və onları təsdiqləyən hər hansı rəsmi sənəd və ya etibarlı mənbə mövcud deyil. İddialar əsaslı faktlara deyil, daha çox yoxlanılmamış məlumatlara söykənir və məsələnin mahiyyətini düzgün əks etdirmir.
Həmçinin Leysan Məmmədovun əvvəlki fəaliyyət dövrü ölkə rəhbərliyi tərəfindən qiymətləndirilmiş və 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, bundan əvvəl Leysan Məmmədovla bağlı iddia yayılmışdı. Həmin iddiaya görə, onun adı büdcə vəsaitlərinin “leysan” kimi talanmasında hallanırdı. Yazıda bildirilir ki, buna səbəb Hesablama Palatasının rəsmi audit sənədləri, illərlə yığılıb qalmış rəqəmlər və milyonlarla manatlıq “yeyinti” faktlarıdır.
KONKRET.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə rəhbərlik etdiyi 15 il ərzində Leysan Məmmədovun “imza” atmadığı tikinti qalmayıb. Şəmkirdən Astaraya, Sumqayıtdan Qəbələyə qədər ucalan olimpiya komplekslərinin hər kərpici bu maxinasiyalara “şahidlik” edib.
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması sadəcə idarəçilik islahatı deyildi. Bu addım illərdir yerli icra hakimiyyətlərində kök salmış korrupsiya mexanizmlərini, özbaşınalığı və büdcə talanını dayandırmaq, şəffaflığı bərpa etmək məqsədi daşıyırdı. Dövlət başçısının əsas hədəfi şəhid qanı ilə azad olunan torpaqlarda hər qəpiyin yerinə xərclənməsini təmin etmək idi. Lakin Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti bu ali məqsədlərə kölgə salan faktlarla gündəmə gəlib.
Leysan Məmmədovun adı bizə və hüquq-mühafizə orqanlarına heç də yad deyil. Gənclər və İdman Nazirliyində 15 il ərzində tikinti sektoruna rəhbərlik edən bu şəxsin fəaliyyəti Hesablama Palatasının audit hesabatlarında “yeyinti” və maxinasiya faktları ilə əks olunub. İddialara görə Olimpiya komplekslərinin inşasında milyonlarla manatın mənimsənilməsinə görə ölkədən çıxışına “stop” qoyulub. Görünən odur ki, Məmmədov öz “zəngin təcrübəsini” indi də Ağdam, Füzuli və Xocavənddə tətbiq etməyə başlayıb. Belə ki, onun rəhbərlik etdiyi qurumun fəaliyyətində aşkar olunan mənimsəmə faktları təmir-bərpa adı altında milyonlarla vəsaitin necə buxarlandığını ortaya qoyur.
Əsas ittihamlar ümumi dəyəri 25 milyon manatı ötən üç iri müqavilənin “Platin” MMC-yə həvalə edilməsi ilə bağlıdır. Ortada 25 milyon manatlıq üç nəhəng müqavilə və bu pulların idarə olunduğu maraqlı şəbəkə var. Tenderin qalibi “Platin” MMC adlı şirkətdir. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri İsfəndiyar Məmmədov olsa da, iplərin qurum rəhbəri Leysan Məmmədovun oğlu Elnur Məmmədovun əlində olduğu deyilir. Yəni hər şey “ailə daxilində” həll edilir.
Sxemin ən heyrətamiz hissəsi isə evlərin kateqoriyalara bölünməsi zamanı üzə çıxır. Yüngül kosmetik təmirə ehtiyacı olan A kateqoriyalı evlərin kvadratmetri üçün ilkin olaraq 150 manat nəzərdə tutulduğu halda, sənədlərdə bu rəqəm 350 manata qaldırılıb. Hər kvadratmetrdə yaranan 200 manatlıq “süni fərq” dövlət büdcəsinə 14 milyon manatdan çox ziyan vurulması deməkdir.
Bundan əlavə, 2025-ci ilin yanvarında Ağdam şəhərində yaşayış massivlərinin tikintisi ilə bağlı keçirilən tenderlərdə daha sərfəli qiymət təklifləri olmasına baxmayaraq, “SMTS” MMC qalib elan edilib. Müqayisələr göstərir ki, digər şirkətlərin təklifləri ilə fərq ümumilikdə 8,5 milyon manatdan çoxdur ki, bu da dövlət büdcəsi üçün əlavə yük hesab olunur.
Nəticədə ortaya 20 milyon manatdan çox yoxa çıxan vəsait çıxır. Bu qədər pulun necə “əridiyini” görmək üçün uzağa getmək lazım deyil. Evlərin təmirə başlamazdan əvvəlki fotoları ilə indiki sənədləri üz-üzə qoyanda hər şey gün kimi aydın olur. Görəsən, bu qədər aşkar mənimsəməyə imza atanlar hansı məntiqlə hərəkət edirlər? Dövlətin vəsaitini bu qədər rahatlıqla şəxsi maraqlara qurban vermək sadəcə qanun pozuntusu deyil, həm də böyük məsuliyyətsizlikdir.
Görünür, bəziləri üçün Qarabağın bərpası müqəddəs vəzifə olmaqdan çıxaraq növbəti “tender poliqonu” və büdcə talanı fürsətinə çevrilib. İllərlə müxtəlif vəzifələrdə dövlətin milyonlarını mənimsəyələrin hələ də eyni ssenarilərlə hərəkət etməsi, quruculuq işlərinə kölgə salmaqdan başqa bir şey deyil. Amma unutmaq olmaz ki, şəhid qanı ilə alınmış o torpaqlarda qurulan hər bir binaya görə mənimsənilmiş hər qəpiyin hesabı gec-tez sorulacaq.
