Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qismət Teymurovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Q.Teymurov özünü qismən təqsirli bildiyini bildirib. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib.
Təqsirləndirilən Qismət Teymurov qardaşı ilə o qədər də yaxşı münasibətinin olmadığını deyib:
“Buna səbəb Qamətin dözülməz hərəkətləri, ailə üzvləri ilə son dərəcə pis rəftarı idi. Ailədə hamımız onun ərköyünlüyünə göz yumurduq. Qamət tez-tez içirdi, bundan sonra idarəolunmaz bir hala düşüb ağzına gələn söyüşləri valideynlərimizə deyirdi. İçmək istəyəndə, içkisini almayanda lap əsəbiləşirdi. Hamımız onu sakitləşdirməyə çalışırdıq. Danmıram, Qaməti sakitləşdirmək üçün qardaş ərki ilə hətta onu yüngülcə vurmuşam da. Hadisə günü evdə münaqişəmiz oldu. Axşam idi, evə təzəcə gəlmişdim. Evdəkilərin üz-gözündən nə isə qanqaraçılıq olduğunu hiss elədim. Məlum oldu ki, Qamət o ki var içib, bundan sonra atamıza əl qaldıraraq onu vəhşicəsinə döyüb. Anam da istəyib ki, onları aralasın, Qamət onu da şil-küt edib. Bunları bilmək mənə çox ağır gəldi. Qamətin üstünə gedib ona zərbə vurdum. Sakitləşim deyə otağıma keçdim.
Heç o qədər də keçməmişdi ki, hay-küy, qışqırıq eşidib tez otağımdan çıxdım. Gördüm ki, Qamət dayanıb həyətdə, söyüş söyür, atamın üstünə cummağa çalışır. Birdən yaşlı nənəmin “Ay allah, öldüm” deyən iniltisini eşitdim. Qardaşım dedi ki, onu da mən vurmuşam, əcəb eləmişəm. Qamət nənəmi onun öz əl ağacı ilə vurmuşdu. Nənəmin başı çapılmışdı, üzündən qan axırdı. Bunları görüb dözə bilmədim. Atamın evdə olan ov tüfəngini götürüb Qaməti qorxutmaq üçün başının üstündən bir güllə atdım, sonra tüfəngi qırağa tulladım. Tüfəngi qırağa qoyan kimi Qamət üstümə cumdu, yerə yıxıldıq. Əlim tüfəngin qundaq tərəfində idi. O məni dartıb itələyəndə barmağım sürüşüb tətiyə dəydi. Bir də gördüm ki, Qamətin boğazından qan axır, canını tapşırır. Qardaşım əvvəl ölüm işinə görə məhkum olub, 9 il həbsdə yatıb. Spirtli içkiyə həbsdən çıxandan sonra qurşanmışdı. Mənim onu öldürmək niyyətim yox idi, sadəcə onu qorxutmaq istəyirdim”.
Zərərçəkənin hüquqi varisi T.V təqsirləndirilən şəxsin əmisi olduğunu və hadisəni görmədiyini bildirib:
“Həmin gün evimdə idim, qardaşım zəng elədi ki, belə bədbəxtlik olub. Bunu eşidəndə, heç cür inana bilmədim. Qismət mələk kimi kimi bir insandır, belə hərəkət edibsə, görün onu necə bir həddə çatdırıblar. Ondan heç bir şikayətim yoxdur, olmayacaq da”.
Növbəti proses sentyabrın 17-nə təyin olunub.
Baş Prokurorluğun məlumatına görə, hadisə 2026-cı ilin 30 mart mart tarixində Bakının Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Qismət Teymurov qardaşı Qamət Teymurovun ata-anasına qarşı nalayiq ifadələr işlətməsinə görə onu qorxutmaq məqsədi olsa da, ov tüfəngi ilə qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovun ölümünə səbəb olub.
Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanılıb, Qismət Teymurov təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
