Tutaq ki, mən Azərbaycandakı məktəb qaydaları ilə razı deyiləm və götürüb hicab geymiş qızımı azərbaycan dilində təhsilini davam etdirmək üçün aparıram İrana.
Orda mənə deyərlər, baba, 30 milyon azərbaycanlı yaşayan bu ölkədə azərbaycan dilində heç məktəb yoxdur axı!
Onda, anlayarammı ki, o 30 milyon azərbaycanlıya məktəb açmağı qoymayanlar, bu müstəqil, suveren Azərbaycan dövlətində azərbaycan dilində məktəblərin olmasını heç istəmirlər? Burdakı dövlətimizin varlığını, azərbaycan dilində təhsilin mövcudluğunu özlərinə ən böyük təhlükə görürlər?
Sadəlövh olmayaq, hicab, filan bəhanədir.
Məqsəd hicablı uşaqların sayını artırmaq, sonradan din adı altında burada ərəb, fars dilini yaymaq, bizim uşaqları azərbaycan dilli təhsildən tam aralayıb, sonda burda da molla rejimini bərqərar etməkdir.
Ayıq olun ey valideynlər, ayıq olun ey vətəndaşlar, təfəkkürü hələ formalaşmamış uşaqlarınızı din adı altında oyunların qurbanlarına çevirməyin.
Heç kim bu ölkədə dini inancın əleyhinə deyil. Qoy uşağınız məktəbi qurtarandan sonra, özü istədiyi inancı, özü istədiyi geyimi seçsin.
Düşmən artıq məktəblərə soxulur, xaricdən idarə olunan fanatik qüvvələr xalqımıza, dövlətimizə qarşı hər cür təxribata getməyə hazırdırlar.
Qəhrəmanlıqlara da ehtiyac yoxdur, sadəcə hər ailə öz uşaqlarına sahib çıxsın, dövlətimizin sağlam məktəb mühiti yaratmaq istiqamətində atdığı addımları anlaqlı qarşılasın.
Əminəm ki, böyük maarifçilərin, mütəfəkkirlərin, vətənpərvərlərin olduğu bu Azərbaycanda, savadlı və ağıllı vətəndaşlarımız qətiyyətli Prezidentimizin ətrafında yumruq kimi birləşib düşmənlərimizin arzularını öz məkrli ürəklərində qoyacaqlar.
Hümbət Həsənoğlu

