1815-ci il oktyabrın 13-də, cümə günü, İtaliyanın Kalabriya bölgəsindəki Pitsso qalasında Napoleonun ən məşhur marşallarından biri, onun bacısının əri və keçmiş Neapol kralı Yoahim Müra güllələnərək edam edildi.
Napoleonun ən yaraşıqlı marşalı hesab edilən Müra taxtını geri qaytarmaq üçün son, ümidsiz cəhdinin qurbanı oldu. O, neapolluların onu ürəkdən sevdiyinə və öz kralını görən kimi üsyana qalxacaqlarına səmimi-qəlbdən inanırdı. Lakin reallıq onun gözləntilərini alt-üst etdi.
Şəhər sakinləri keçmiş kralı düşmən münasibətlə qarşıladılar. Müra izdihamın arasına qızıl sikkələr belə atdı, amma bunun da faydası olmadı. Nəhayət, yerli jandarm onu həbs etdi.
Dindirilmələr zamanı Müra gəmisinin sadəcə fırtına nəticəsində sahilə yan aldığını, hakimiyyəti ələ keçirmək niyyətinin olmadığını sübut etməyə çalışırdı. Ancaq jandarm onun əşyaları arasında mövcud hakimiyyəti devirməyə çağıran, əvvəlcədən hazırlanmış vərəqələr tapdı. Görünür, keçmiş kral bu sənədləri məhv etməyi unutmuşdu.
Məhkəmə prosesi çox qısa çəkdi. Müxtəlif məlumatlara görə, hökmün elan edilməsi ilə edam arasında cəmi 15–30 dəqiqə vaxt keçmişdi.
“Bunlar mənim hakimlərim deyil, təbəələrimdir!”
İmperiya marşalı son anlarına qədər qeyri-adi təmkin və ləyaqət nümayiş etdirdi. O, müdafiəçisinə belə dedi:
“Bunlar mənim hakimlərim deyil, təbəələrimdir. Onların öz monarxlarını mühakimə etməyə haqları yoxdur. Sizə müdafiəmdə bir söz belə deməyi qadağan edirəm!”
Müra ailəsinə vida məktubu yazdı. Həmin məktubda təəssüfləndiyi yeganə məqamın övladlarından uzaqda ölməsi olduğunu bildirdi.
Edam zamanı gözlərinin bağlanmasından imtina etdi. Əvvəlcə həyat yoldaşının portreti olan medalyonu öpdü, sonra əsgərlərin onu rahat nişan ala bilməsi üçün özünə uyğun mövqe seçdi.
Ardınca əfsanəyə çevrilmiş bu sözləri söylədi:
“Əsgərlər, borcunuzu yerinə yetirin! Ürəyimə nişan alın, amma üzümü qoruyun! Atəş!”
Cəsarət və özünəinamın son həddini nümayiş etdirən bu səhnə Müra haqqında yaranmış tarixi rəvayətlərin ən yaddaqalan epizodlarından biri kimi yaşayır.
Napoleonun Müra haqqında sərt hökmü
Müqəddəs Yelena adasında sürgündə olan Napoleon keçmiş silahdaşını belə xarakterizə etmişdi:
“Süvari hücumlarının kralı… Müra yalnız düşmən qarşısında cəsur idi. Belə anlarda o, cəsarətinə görə dünyadakı hər kəsi geridə qoya bilərdi. Döyüş meydanında əsl cəngavər, Don Kixot idi, kabinetdə isə ağılsız və qətiyyətsiz lovğa”.
Bu sözlərdə Napoleonun keçmiş marşalına həm heyranlığı, həm də məyusluğu hiss olunur. Müra döyüş meydanında misilsiz cəsarəti ilə seçilsə də, siyasi qərarlarında eyni uğuru göstərə bilməmişdi.
Bizdə isə, adətən, bunun əksini görmək mümkündür: söz meydanında cəsarətli görünənlər real sınaq qarşısında geri çəkilə bilirlər.
Neapolda heykəli ucaldıldı, adı tarixdə qaldı
1888-ci ildə Neapolda, Plebissit meydanına baxan Kral sarayının fasadındakı taxçalardan birində imperiya marşalı Yoahim Müra üçün heykəl qoyuldu. Əsərin müəllifi italiyalı heykəltəraş Covanni Battista Amendoladır. Bu heykəl onun ən çox müzakirə edilən əsərlərindən biri sayılır.
Maraqlıdır ki, vaxtilə hakimiyyət uğrunda mübarizədə məğlub olmuş, güllələnərək öldürülmüş bir hökmdarın heykəli bu gün də şəhərin tarixi-mədəni mənzərəsinin bir hissəsi olaraq qalır.
Kral titulu Müra üçün niyə ölümcül oldu?
Napoleon hesab edirdi ki, kral titulu Müra üçün ağır nəticələrə səbəb olmuşdu. İmperatorun fikrincə, hakimiyyət və şöhrət keçmiş marşalın xarakterini dəyişmiş, onu real siyasi vəziyyəti düzgün qiymətləndirmək qabiliyyətindən məhrum etmişdi.
Bu gün oxşar davranışları bəzən “Napoleon kompleksi” və ya “balacaboyluq sindromu” adlandırırlar. Lakin bunlar Müra haqqında tarixi mühakimədən fərqli olaraq, müasir psixologiyada müxtəlif mənalarda işlədilən anlayışlardır.
Napoleon özü də qeyri-adi özünəinamı ilə seçilirdi. Onun belə dediyi bildirilir:
“Düşmənlərim çoxdur, amma mənə bərabər olan yoxdur!”
İmperatorun digər bir fikri isə hakimiyyətin məsuliyyəti barədə düşündürür:
“Ali hakimiyyətin zəifliyi xalqlar üçün ən dəhşətli bədbəxtlikdir”.
Yoahim Müra öz dövrünün ən cəsur süvari sərkərdələrindən biri idi. Lakin döyüş meydanında qazanılan şöhrət siyasi hakimiyyəti qorumağa kifayət etmədi. O, kral taxtını geri qaytarmaq istəyərkən xalqın dəstəyini düzgün qiymətləndirmədi və həyatını itirdi.
Müra tarixə həm qorxmaz döyüşçü, həm də siyasi səhvin qurbanı olmuş hökmdar kimi düşdü. Onun son sözləri isə əsrlər keçsə də, cəsarət, qürur və ölüm qarşısında insan iradəsi barədə mübahisələri davam etdirir.
Hazırladı Rəsmiyyə Şərifova,
KONKRET.az
