Azərbaycanda nəqliyyat sektorunda innovativ texnologiyaların tətbiqi son illər daha çox müzakirə olunur. Xüsusilə, avtopilot sisteminin və ya sürücüsüz avtomobillərin ölkəmizdə istifadəsi məsələsi aktuallaşıb.
Bəs bu texnologiyanın real tətbiqi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, hazırkı şəraitdə sürücüsüz avtomobillərin geniş istismarı real görünmür.

“Bu cür nəqliyyat vasitələrinin tətbiqi üçün ilk növbədə yüksək səviyyədə təhlükəsizlik qaydalarına riayət olunması vacibdir.
Bəzi sürücüsüz avtomobillər olduqca həssas idarəetmə sisteminə və sabit hərəkət trayektoriyasına malikdir. Bu isə onların hərəkəti üçün ayrıca zolaqların ayrılmasını, eləcə də yüksək təhlükəsizlik standartlarına cavab verən küçə və prospektlərin mövcudluğunu zəruri edir. Əks halda, belə nəqliyyat vasitələrinin ümumi axında hərəkəti ciddi çətinliklər yarada bilər”.
A.Əsədovun fikrincə, bu sahədə digər vacib məqamlardan biri də rentabellik və perspektiv məsələsidir.
“Sürücüsüz avtomobillərin effektiv nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməsi üçün yüksək dəqiqliklə işləyən proqram təminatı və düzgün proqnozlaşdırma mexanizmləri tələb olunur. Bundan əlavə, nəqliyyat vasitələrinin hərəkət qrafikinin düzgün qurulması da mühüm rol oynayır. Uzun məsafələrin müəyyənləşdirilməsi, dayanacaqlar arasındakı intervalın seçilməsi, marşrut üzrə yol elementlərinin düzgün planlaşdırılması kimi amillər bir-biri ilə sıx əlaqədədir və ümumi sistemin səmərəliliyinə birbaşa təsir göstərir”.
Ekspert hesab edir ki, bütün bu amillər nəzərə alınmadan sürücüsüz avtomobillərin tətbiqi həm təhlükəsizlik, həm də idarəetmə baxımından riskli ola bilər. Bu səbəbdən yaxın perspektivdə Azərbaycanda belə nəqliyyat vasitələrinin geniş yayılması çətin görünür.
Aynurə İsmayıl
KONKRET.az
