Tomas Sankaranın Qərbə və xarici borclara qarşı tarixi çıxışı: “Borcu ödəsək, özümüz məhv olacağıq!”backend

Tomas Sankaranın Qərbə və xarici borclara qarşı tarixi çıxışı: “Borcu ödəsək, özümüz məhv olacağıq!”

Bu gün Rusiya–Afrika Sammitində çıxış edən Vladimir Putin Burkina-Fasonun ilk prezidenti Tomas Sankaranın 1987-ci ildə səsləndirdiyi fikirlərdən sitat gətirib.

Aşağıda Sankaranın 1987-ci ildə Əddis-Əbəbədə keçirilən Afrika Birliyi Təşkilatının 25-ci sammitində etdiyi çıxışın bəzi hissələrinin Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Borcun kökləri müstəmləkəçiliyin yarandığı dövrlərə gedib çıxır. Bizə borc verənlər elə bizi müstəmləkə edənlərdir. Bizim bu borcun yaranmasına heç bir aidiyyətimiz olmayıb. Deməli, onu ödəyə bilmərik.

Xarici borc bu gün də neomüstəmləkəçiliyin bir forması olaraq qalır. Müstəmləkəçilər indi özlərini guya texniki yardım göstərən mütəxəssislər kimi təqdim edirlər. Əslində isə onları texniki qatillər adlandırmaq daha doğru olardı.

Məhz onlar bizə maliyyə mənbələrini və kreditorları təklif etdilər. Biz də hər gün bu anlayışlardan istifadə edirik, sanki kiminsə əsnəməsi kifayətdir ki, başqa bir ölkənin inkişafı təmin olunsun.

Bizə həmin kreditorları tövsiyə edir, israrla onlara müraciət etməyimizi məsləhət görürdülər. Qarşımıza cəlbedici maliyyə sxemləri, müxtəlif layihələr qoyurdular. Beləcə, 50, 60 il müddətinə, hətta daha uzun dövrlər üçün borca girirdik.

Lakin indiki formada, imperializmin nəzarəti altında olan və onun maraqlarına xidmət edən xarici borc məharətlə təşkil edilmiş yenidən işğal vasitəsidir. Onun məqsədi Afrikanı, onun iqtisadi artımını və inkişafını bizə tamamilə yad olan mərhələlərə və qaydalara tabe etdirməkdir. Nəticədə hər birimizi maliyyə quluna — öz mövqeyindən, hiylə və məkrindən istifadə edərək kapitalını ölkələrimizə yerləşdirən, sonra isə həmin kapitalı geri qaytarmağı bizdən tələb edənlərin quluna çevirirlər.

Bizə deyirlər ki, borcu ödəmək lazımdır. Amma bu, əxlaq və ya guya şərəf məsələsi deyil. Söhbət borcu ödəməkdən, yaxud ödəməməkdən getmir.

Biz ödəməsək, kreditorlarımız ölməyəcəklər. Amma biz ödəsək, özümüz məhv olacağıq.

Avropanın sadə insanları Afrika xalqlarının düşməni deyil. Afrikanı istismar etmək istəyənlər Avropanın öz əhalisini istismar edənlərlə eyni qüvvələrdir. Bizim ümumi düşmənimiz var.

Borcun ödənilməsinin mümkünsüzlüyündən danışanda bu, əxlaqa, ləyaqətə və verilən sözə hörmətə qarşı çıxdığımız anlamına gəlmir. Sadəcə, bizim əxlaq anlayışımızla onların əxlaq anlayışı fərqlidir. Hamımız üçün vahid əxlaq mövcud deyil. Müqəddəs Kitab və Quran xalqları istismar edənlərə də, istismar olunanlara da eyni şəkildə xidmət edə bilməz.

Biz borcu ödəyə bilmərik. Bunu döyüşkənlik naminə, mübarizəyə başlamaq üçün etmirik. Məqsədimiz odur ki, bizi bir-bir ələ keçirib məhv etməsinlər.

Əgər Burkina-Faso borcu ödəməkdən təkbaşına imtina etsə, növbəti konfransda mən artıq iştirak edə bilməyəcəyəm. Ancaq borcun ödənilməsindən imtina etməklə məhdud resurslarımızı öz inkişafımıza yönəldə bilərik.

Afrika ölkəsi hər dəfə silah alanda, əslində, onu başqa bir afrikalıya qarşı alır. Avropalıya qarşı yox, asiyalıya qarşı yox — başqa bir afrikalıya qarşı.

Deməli, borc probleminin həlli ilə yanaşı, silahlanma probleminin də həllini tapmalıyıq.

Mən hərbçiyəm və silah daşıyıram. Amma əlimdə olan yeganə silahı açıq şəkildə daşıyıram, digərləri isə öz silahlarını gizlədirlər.

Hamımızın dəstəyi ilə öz evimizdə sülh yarada bilərik. Qitəmizin nəhəng potensialından Afrikanın inkişafı naminə istifadə edə bilərik. Çünki torpaqlarımız və yeraltı sərvətlərimiz zəngindir. Kifayət qədər işçi qüvvəmiz, şimaldan cənuba, şərqdən qərbə uzanan böyük bazarımız var.

Öz texnologiyalarımızı yaratmaq, yaxud ən azı elmi və texnoloji nailiyyətləri harada tapırıqsa, oradan mənimsəmək üçün kifayət qədər intellektual potensialımız mövcuddur.

Burkina-Faso buraya öz istehsalımız olan parça gətirib. Bu parça Burkina-Fasoda yetişdirilən pambıqdan hazırlanıb, Burkina-Fasoda toxunub və elə Burkina-Fasoda da tikilib. Məqsədimiz Burkina-Faso sakinlərini öz ölkəmizdə istehsal olunan geyimlə təmin etməkdir.

Mən və nümayəndə heyətimin üzvləri öz toxucularımızın və kəndlilərimizin hazırladığı paltarları geyinmişik. Bu geyimlərdə Avropadan və ya Amerikadan gətirilmiş bircə sap belə yoxdur.

Mən burada moda nümayişi keçirmirəm. Sadəcə, demək istəyirəm ki, biz afrikalılar kimi yaşamağı öyrənməliyik. Azad və ləyaqətli yaşamağın yeganə yolu budur.

Vətən, yoxsa ölüm! Biz qalib gələcəyik!

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*