Millət necə yaradılır: qurulması və dağıdılması üzrə təlimatbackend

Millət necə yaradılır: qurulması və dağıdılması üzrə təlimat

Amerikalı tarixçi Eugen Veberin Fransa millətinin formalaşmasına həsr olunmuş klassik əsərini oxuduqda hər bir ölkənin milli kimliyinin nə qədər kövrək, tarixi şəraitdən asılı, müəyyən mənada süni və nisbətən yeni bir fenomen olduğunu anlamağa başlayırsan.

Fransızlar yalnız Birinci Dünya müharibəsinin başlanmasına yaxın dövrdə özlərini vahid “fransız milləti” kimi hiss etməyə başladılar. Buna kütləvi hərbi səfərbərlik, savadlılığın geniş yayılması və vahid fransız dilinin möhkəmlənməsi şərait yaratdı.

XX əsrin əvvəllərində fransız dilində əsasən şəhərlərdə danışırdılar. Hətta şəhərlərin hamısında belə bu dil üstünlük təşkil etmirdi. Kənd yerlərində, xüsusilə Bretan kimi bəzi bölgələrdə əhali öz yerli dillərindən istifadə edirdi. Onlar özlərini fransız hesab etmirdilər. Dövlət isə onları fransız kimliyini qəbul etməyə məcbur edirdi.

Hakimiyyət məktəb təhsili vasitəsilə insanlara milli kimlik aşılamağa çalışırdı. Bretan əhalisinin fransızlaşdırılması prosesini Eugen Veber belə təsvir edir:

“Bretan dili məktəblərdən sıxışdırılıb çıxarılırdı. Ana dilində danışarkən yaxalanan uşaqlar sistematik şəkildə cəzalandırılır, çörək və su ilə kifayətlənməyə məcbur edilir, yaxud məktəb tualetlərini təmizləməyə göndərilirdilər.

Uşaqları cəzalandırmaq üçün yezuitlərin icad etdiyi üsullardan biri xüsusilə geniş yayılmışdı. İroniya ondadır ki, yezuitlər bu üsuldan vaxtilə şagirdləri latın dilini öyrənməyə məcbur etmək üçün istifadə edirdilər. Bu, “utanc papağı” adlanırdı.

Ana dilində danışarkən yaxalanan uşağa həmin utanc nişanını taxırdılar. Uşaq bu nişanı o vaxta qədər daşımalı idi ki, ana dilində danışan başqa bir şagirdi yaxalasın, onu müəllimə xəbər versin və “utanc estafeti”ni həmin uşağa ötürsün.

Günün sonunadək başqa bir şagirdi xəbər verə bilməyən uşaq dərs bitdikdən sonra cəzalandırılırdı.

Bretan kənd məktəblərində utanc nişanı kimi taxta ayaqqabılardan — “sabot”lardan da istifadə olunurdu”.

Veber qeyd edir ki, həmin dövrdə fransız dili müəllimləri bir növ “hərbi linqvistik könüllülər” hesab edilirdilər. Dövlətin tapşırığı ilə onlar məktəb siniflərində fransız millətinin formalaşdırılması uğrunda mübarizə aparırdılar. Başqa sözlə, həm dövlət, həm də bu müəllimlərin özləri onları vətəndaş ordusunun zabitləri kimi görürdülər.

Lakin burada başqa bir problem də vardı: müəllimlərin özləri, birincisi, fransız dilini həmişə yaxşı bilmirdilər, ikincisi isə, uşaqlara qarşı çox vaxt amansız davranırdılar.

Digər mühüm problem qadınlarla bağlı idi. Qadınlar hərbi xidmətə cəlb olunmur, dövlətin təşkil etdiyi təhsil sistemi isə onların böyük hissəsini əhatə etmirdi. Veber bu barədə yazır:

“Qadınlar bu və ya digər şəkildə yerli dillərin və dialektlərin qorunub saxlanmasına töhfə verirdilər. Fransanın kənd yerlərində qızlar təhsildən oğlanlara nisbətən daha uzun müddət kənarda qalırdılar. Bu, həmin dövrün statistik məlumatlarında, demək olar ki, əks olunmayan bir faktdır”.

Beləliklə, vahid fransız millətinin uğurlu formalaşması bir neçə amil hesabına mümkün oldu: kütləvi hərbi xidmət, ümumi məktəb təhsili və qadınlar arasında savadlılığın yayılması.

Bu tədbirlər sayəsində gələcəyin fransızları vahid dilə yiyələndilər. Həmin dil isə onları yeni, vahid milli kimlik ətrafında birləşdirdi və nəticədə “təsəvvür edilən milli icma”nın yaranmasına şərait yaratdı.

Burada daha bir mühüm məqam var: millətlər müəyyən mənada dövlətlərin yaratdığı tarixi məhsullardır. Dövlətlər təhsil sistemi və zor tətbiq etmək üzərindəki inhisarlarından istifadə edərək müxtəlif regional kimlikləri vahid milli çərçivəyə salmağa nail olublar.

Bəs bu gün dövlətin həmin inhisarı hələ də mövcuddurmu?

Yeni kommunikasiya vasitələrinin yayılması ilə dövlət milli kimliklərin formalaşdırılması üzərindəki müstəsna nəzarətini itirir. Müasir Fransada bretonlar və oksitanlar yeni texnologiyaların yaratdığı imkanlardan istifadə edərək öz milli kimliklərini və kollektiv təsəvvürlərini daha fəal şəkildə formalaşdıra bilərlər.

Bəlkə də yaxın gələcəkdə Fransa və Almaniya kimi köklü milli dövlətlərdə genişmiqyaslı milliyyətsizləşmə prosesinin şahidi olacağıq.

Bu, mütləq dövlətlərin parçalanması demək deyil. Daha çox milli kimliyin yenidən dərk edilməsi və ayrı-ayrı kimliklərə parçalanması ehtimalı nəzərdə tutulur. Başqa sözlə, getdikcə daha az insan özünü yalnız “fransız” və ya “alman” kimi hiss edəcək, regional, mədəni və digər kimliklər isə ön plana çıxacaq.

Belə bir şəraitdə dövlətlər öz bütövlüklərini qorumaq üçün “çinləşmə” yoluna üz tuta bilərlər. Məqsəd milli və ya dini kimliklər ətrafında formalaşan yeni dalğanın dövlətin mövcudluğunu sarsıtmasının qarşısını almaq olacaq.
Hazırladı: Ağagül Mürsəlov,

KONKRET.az
Mənbə: Eugen Weber, Peasants into Frenchmen: The Modernization of Rural France, 1870–1914 (1976).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*