Azərbaycanın dünyəvi dövlət modeli, dini tolerantlıq ənənələri və müxtəlif konfessiyaların dinc yanaşı yaşaması prinsipi son günlər yenidən müzakirə mövzusuna çevrilib. Türkiyə mətbuatında Azərbaycanın dini sahədə həyata keçirdiyi bəzi addımların tənqid olunması bu məsələnin siyasi və geosiyasi tərəflərini də gündəmə gətirir. Bəs dini qrupların dövlət idarəçiliyinə müdaxiləsi hansı təhlükələr yarada bilər və Azərbaycanın dünyəvilik prinsipinin qorunması nə üçün vacibdir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Türkiyənin təcrübəsinə nəzər saldıqda görürük ki, Atatürk dövründə həyata keçirilən dünyəvilik siyasəti və dinin siyasi proseslərdən ayrılması ölkənin ictimai-siyasi həyatının formalaşmasına ciddi təsir göstərib. Bununla belə, Türkiyədə müxtəlif siyasi partiyalar dini dəyərlərə bağlı elektoratın dəstəyini qazanaraq seçkilərdə uğur əldə edə biliblər. Bu tendensiyanı müxtəlif siyasi qüvvələrin fəaliyyətində müşahidə etmək mümkündür:

“Türkiyədə dini inancların siyasi ideologiyaya çevrilməsi məsələsi uzun müddətdir gündəmdədir. Ölkənin siyasi tarixində dini amilin təsiri, eləcə də müəyyən siyasi qüvvələrin dini dəyərlər əsasında elektorat toplaması bu məsələnin əhəmiyyətini göstərir. Hazırda diqqət yetirilməli məqamlardan biri də dini cərəyanların ideologiyalaşdırılması istiqamətində müşahidə olunan tendensiyadır. Bu prosesin müəyyən əlamətləri Azərbaycanda da özünü göstərməyə başlayır. Ayrı-ayrı dini cərəyanların daha sərt və qapalı mövqe nümayiş etdirməsi narahatlıq doğuran məsələlərdəndir. Təbii ki, burada söhbət Quranda nəzərdə tutulan örtünmə qaydalarından və ya İslamın dini dəyərlərindən getmir. İslamı yalnız zahiri əlamətlərlə, məsələn, müəyyən geyim formasına üstünlük vermək və ya namaz qılmaqla eyniləşdirmək düzgün deyil. İslamın əsas prinsiplərindən biri ədalətdir. Dini inancların mahiyyəti yalnız zahiri rituallarla məhdudlaşmır. Türkiyənin təcrübəsi göstərir ki, dini inancların siyasi ideologiyaya çevrilməsi cəmiyyətdə müəyyən problemlərə yol aça bilər. Buna görə də Azərbaycan cəmiyyətində mümkün radikallaşma meyillərinə qarşı vaxtında tədbirlər görülməlidir. Çünki bu cür proseslər istənilən ölkədə ciddi fəsadlar yarada bilər”.
Fazil Mustafanın sözlərinə görə, dini inancını səmimi şəkildə yaşayan Azərbaycan vətəndaşları ilə dövlət arasında heç bir problem olmur:
“Lakin dini inancları siyasi ideologiyaya çevirmək, müəyyən ideoloji baxışları cəmiyyətə təlqin etmək və onları başqalarına qəbullandırmağa çalışmaq dövlətlə cəmiyyət arasında münasibətlərdə gərginlik yarada bilər. Bu baxımdan, dövlətin müvafiq qurumları mümkün radikallaşma meyillərinin qarşısını almaq üçün zəruri mexanizmlər formalaşdırmalı və qabaqlayıcı tədbirlər görməlidirlər. Bəzən belə fikirlər səsləndirilir ki, şagirdlər hələ yetkinlik yaşına çatmayıblar və bu cür proseslərə cəlb edilməməlidirlər. Lakin uşaqlara müəyyən dini ideologiyaların təlqin olunması halları müşahidə edilirsə, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Belə fəaliyyətlərin genişlənməsi uşaqların dünyagörüşünə və düşüncə tərzinə ciddi təsir göstərə bilər. Bu proseslər müəyyən təsir dairəsi çərçivəsində həyata keçirildikdə onların qarşısını almaq daha da çətinləşir. Ona görə də dini radikallaşma meyillərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Burada əsas məqsəd insanların dini inanclarını sərbəst şəkildə yaşamasına mane olmaq deyil. Əksinə, məqsəd İslamın mahiyyətinin düzgün anlaşılmasını təmin etmək, dini dəyərlərin siyasiləşdirilməsinin və ideoloji təzyiq vasitəsinə çevrilməsinin qarşısını almaqdır. İslamın düzgün anlaşılması, dini inancla siyasi ideologiyanın bir-birindən fərqləndirilməsi cəmiyyətin sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Millət vəkili əlavə edib ki, bizim bu məsələlər ətrafında diskusiyalar aparmağa və nə istədiyimizi aydınlaşdırmağımıza ehtiyacımız var:
“Yəni biz təkrar geriyə qayıtmaq, yoxsa ölkəni aydın gələcəyə aparmaq marağındayıq? Biz inancı öz içimizdə yaşamalı, dövlətin tətbiq etdiyi qaydaları aşmamalıyıq. Vahid məktəbli formasının tətbiqi isə düzgün qərardır. Çünki məktəb dövlət müəssisəsidir. Orada bərabərlik prinsipi pozulmamalıdır. Buna da hər kəs əməl etməlidir”.
Natiq Səlim
KONKRET.az
