Azərbaycanda deputatların sayı artırıla bilər – MÜHÜM TƏKLİFbackend

Azərbaycanda deputatların sayı artırıla bilər - MÜHÜM TƏKLİF

Son dövrlər deputatların sayının artırılması və ya azaldılması, eyni zamanda regional idarəetmə modelinə keçidlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəs gələcəkdə inzibati-ərazi bölgüsünün dəyişdirilməsi və regionlaşma istiqamətində addımların atılması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı bildirib ki, deputatların sayının azaldılması deyil, əksinə artırılması daha məqsədəuyğun olardı.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

Onun sözlərinə görə, Azərbaycanın əhalisi və ərazi ölçüsü nəzərə alınarsa, hazırkı 125 deputat kifayət etmir:

“Deputatların sayının azaldılması ilə bağlı müzakirələri deyil, daha çox artırılması ilə bağlı fikirləri eşitmişəm. Əhalisi Azərbaycandan təxminən üç dəfə az olan Ermənistanda parlamentdə 105 deputat fəaliyyət göstərir. Azərbaycanda isə cəmi 125 deputat var. Hesab edirəm ki, ölkədə ən azı 150-200 deputat olmalıdır, hətta bu rəqəm 300-ə qədər də arta bilər. Müstəqillikdən əvvəl Azərbaycan Ali Sovetində 360-dan çox deputat fəaliyyət göstərirdi. Həmin dövrdə ölkə əhalisi də indiki qədər çox deyildi. Buna görə deputatların sayının artırılması vacibdir.”

Partiya sədri seçki sistemində proporsional təmsilçiliyin bərpasının da zəruri olduğunu vurğulayıb:

“Proporsional seçki sisteminin bərpası çox vacibdir. Deputatların yarısının majoritar, yarısının isə proporsional qaydada seçilməsi mümkündür. Hətta mən hesab edirəm ki, parlamentin 75 faizi proporsional, 25 faizi isə majoritar sistem üzrə formalaşdırılsa, daha məqsədəuyğun olar.”

Akif Nağı regional idarəetmə modelinə keçidin də gələcəkdə mümkün olduğunu bildirib. Onun fikrincə, bu istiqamətdə inzibati-ərazi islahatlarının aparılması ölkənin idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edəcək.

“Regional modelin tətbiqi hakimiyyət səlahiyyətlərinin müəyyən qədər bölgələr arasında paylaşdırılması baxımından mümkündür. Bununla bağlı inzibati-ərazi islahatları aparıla bilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə quberniya-qəza sistemi mövcud idi və bu model 1929-1930-cu illərə qədər qüvvədə qaldı. Daha sonra Sovet hakimiyyəti tərəfindən rayon sistemi tətbiq olundu. Maraqlıdır ki, bu sistemi vaxtilə tətbiq edən Moskva sonradan yenidən quberniya modelinə qayıdıb.”

AVP sədri hesab edir ki, hazırda Azərbaycanda mövcud iqtisadi rayon bölgüsü əsasında yeni inzibati model formalaşdırmaq mümkündür:

“İnzibati-iqtisadi zonalara uyğun islahatlar aparmaq olar. Təxminən 11 inzibati ərazi vahidinin yaradılması optimal variant hesab edilə bilər. Onların mütləq “quberniya” adlandırılması vacib deyil. Tarixi ənənələrimizə uyğun digər adlardan da istifadə etmək mümkündür. Bu, ölkənin idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından müsbət addım olardı.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*