Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev xidmət sahələrində iş və istirahət günlərinin fərqli qaydada müəyyənləşdirilməsi ilə bağlı təkliflər mövcuddur deyib.
Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik iş vaxtı isə 40 saatdır:
“Bəzi yerlərdə altıgünlük iş həftəsi tətbiq olunur və iş vaxtı buna uyğun müəyyənləşdirilir.
Xidmət sahələrində isə əsas iş yükü çox vaxt şənbə və bazar günlərinə düşür.
Ancaq bütün hallarda iş münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun qurulmalıdır.
Xüsusilə özəl sektorda və xidmət sahələrində yeni tələblər ortaya çıxır. Dövrün tələblərinə uyğun olaraq xidmət sahələrində şənbə və bazar günləri digər istirahət günləri ilə əvəz edilə bilər.
Qanunvericilikdə də yaranan ehtiyaclara uyğun dəyişikliklərin edilməsi mümkündür. Hər hansı dəyişiklik olarsa, bu barədə məlumat veriləcək”.
