İctimai nəqliyyatda, dayanacaqlarda və müxtəlif xidmət sahələrində növbəni pozaraq önə keçməyə çalışan insanlara tez-tez rast gəlinir. Bəzən bu davranış cəmiyyətdə adi hal kimi qəbul olunur, hətta qaydaları pozaraq istədiyinə daha tez nail olan şəxslər çevik və bacarıqlı hesab edilir.
Bəs Azərbaycanda növbə mədəniyyətinin tam formalaşmamasının səbəbi nədir? Bu, insanların sosial davranışları, yoxsa xidmət və infrastruktur çatışmazlıqları ilə bağlıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, növbə gözləmək, başqalarının hüquqlarına hörmətlə yanaşmaq insanlıq və mədəniyyətin əsas göstəricilərindəndir.

“İnsan öz hüquqlarını tanıdığı kimi, başqalarının da haqlarına hörmət etməyi bacarmalıdır. Lakin bəzi şəxslər öz maraqlarını ön plana çəkərək başqalarının növbəsini pozmağa, onların haqqını tapdalamağa çalışırlar. Bu cür davranışlar xüsusilə dayanacaqlarda, ictimai nəqliyyatda və insanların sıx toplaşdığı məkanlarda müşahidə olunur.
Növbə mədəniyyətinin zəif olmasının həm subyektiv, həm də obyektiv səbəbləri var. Subyektiv amillər sırasında şəxsi maraqların ümumi qaydalardan üstün tutulması dayanır. Bəzi insanlar üçün öz işi, ailəsi və məqsədləri başqalarının hüquqlarından daha vacib görünür”.
Nail Cəlilin fikrincə, problem təkcə növbə gözləməməklə məhdudlaşmır. Cəmiyyətdə qaydaları pozan şəxslərin bəzən qınanmaq əvəzinə, çevik və bacarıqlı insanlar kimi təqdim olunması da mənfi tendensiyanı gücləndirir.
“Nəyin bahasına olursa-olsun, önə keçmək” düşüncəsi insanların davranışlarına təsir göstərir. Belə yanaşma nəticəsində bəziləri başqalarının hüquqlarını nəzərə almadan öz məqsədlərinə daha tez çatmağa çalışırlar.
Sosioloq növbə probleminin yaranmasında sosial infrastrukturun da rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, ictimai nəqliyyatın sıxlığı, xidmətlərə tələbatın mövcud imkanlardan yüksək olması və müəyyən istiqamətlərdə həddindən artıq insan axını qaydaların pozulmasına şərait yaradır.
O, bildirib ki, növbələr əksər hallarda müəyyən xidmətə və ya məhsula tələbatın təklifi üstələdiyi zaman yaranır. Buna görə də problemin həlli üçün yalnız vətəndaşların davranışlarını tənqid etmək kifayət deyil. Xidmətlərin düzgün təşkili, infrastrukturun təkmilləşdirilməsi və tələbatın qarşılanması istiqamətində də addımlar atılmalıdır.
Nail Cəlil xatırladıb ki, əvvəllər ərzaq qıtlığı ilə əlaqədar çörək növbələri yaranırdı. Sonradan ərzaq təminatının yaxşılaşması və məhsulların əlçatanlığının artması ilə bu problem aradan qalxdı. Hazırda isə növbə və intizamla bağlı çətinliklər daha çox nəqliyyat sıxlığı və xidmət sektorundakı bəzi çatışmazlıqlarda özünü göstərir.
Sosioloqun qənaətinə görə, Azərbaycanda növbə mədəniyyətinin formalaşması üçün həm ictimai qınaq mexanizmi gücləndirilməli, həm də xidmət və nəqliyyat sistemləri düzgün təşkil olunmalıdır. Vətəndaşların başqalarının hüquqlarına hörmət etməsi ilə yanaşı, növbələşmə qaydalarının işlək olması və xidmətlərin tələbatı ödəməsi də vacibdir.
Beləliklə, növbə mədəniyyətinin inkişafı yalnız fərdi davranışlardan deyil, həm də sosial-iqtisadi şəraitdən, ictimai intizamdan və xidmətlərin təşkilindən asılıdır.
Aynurə İsmayıl
KONKRET.az
