Azərbaycandan göndərilən yardımların içərisindən çıxan məktublar türk xalqını çox təsirləndirib.
KONKRET.az xəbər verir ki, həmin mesajları əks etdirən minnətdarlıq dolu məqalə türk mediasında dərc edilib. Türk qardaşlarımız “ürəklərini isidən mesajlar”a görə məmnunluq ifadə ediblər.
Bildiriblər ki, fevralın 6-da mərkəzi Kahramanmaraş, Pazarcık və Elbistanda baş verən iki böyük zəlzələdən sonra Azərbaycandan göndərilən yardım qutularından çıxan məktublarda emosional mesajlar alıblar.

Qeyd olunub ki, Kahramanmaraş Mütəşəkkil Sənaye Bölgəsindəki Təcili Sosial Yardım Mərkəzinin (ASİA) anbarlarına gələn yardımlar Ailə və Sosial Xidmətlər Nazirliyinin koordinasiyası ilə ehtiyaclara uyğun olaraq ayrılır və yenidən qablaşdırılır.
Və çeşidləmə zamanı Azərbaycandan gələn yardımlardan çıxan məktublar anbarın girişində sərgilənir.
Həmin mesajlarda “Türkiyə bizim qan qardaşımızdır, qədərimiz birdir”, “Yanındayıq, Türkiyə”, “Başın sağ olsun, Türkiyə”, “Türkiyə qan qardaşımızdır, canımız bir, taleyimiz birdir” kimi ifadələr yer alır.

Məqalədə o da qeyd olunur ki, yardım qutularından çoxlu sayda Türkiyə və Azərbaycan bayraqları da çıxıb.
Ailə və Sosial Xidmətlər Nazirliyinin şöbə müdiri Umut Kaya bildirib ki, başda Azərbaycan olmaqla, dünyanın bütün ölkələrindən göndərilən ianələrdə gələn mesajlar türk xalqına böyük təsəlli və mənəvi dəstək olub. Əlavə edib ki, mesajlar Kahramanmaraşdakı ailələrə və uşaqlara birbaşa çatdırılıb.
Sevinc Paşayeva,
KONKRET.az