“Azərbaycandan üzr istəyirəm, çətin vaxtlardı, səhvlər baş verir”
KONKRET.az xəbər verir ki, bunu rusiyalı aparıcı, jurnalist Valdimir Solovyov deyib. O, dünənki efirindən sonra bu gün Azərbaycandan təkrar üzr istəyib.
“Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Mən, şəxsən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvim ucbatından baş verib. Çətin vaxtlardı, səhvlər baş verir”,- Solovyov deyib.
Qeyd edək ki, iyunun 28-də Vladimir Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”də apardığı verilişdə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçı rejimin nümayəndəsi David Babayanı “Arsaxın xarici işlər naziri” kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.
Bundan əlavə, Bakıda Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında imzalanmış sonuncu sənəd də öz təsirini göstərib.
İmzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında beynəlxalq informasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” Vladimir Solovyovu yenidən üzr istəməyə vadar edib.
Xuraman Etibarlı,
KONKRET.az
