Azərbaycanın “ən fərasətli” oğlanı: Seymur Talıbov 60 illik bir yolu cəmi 20 ilə necə qət edib? – İLGİNC FAKTLARbackend

Azərbaycanın “ən fərasətli” oğlanı: Seymur Talıbov 60 illik bir yolu cəmi 20 ilə necə qət edib? – İLGİNC FAKTLAR

Son günlər Naxçıvanda baş verən hadisələr bir sıra qaranlıq mətləbləri üzə çıxarıb. DTX-nın muxtar respublikanın müxtəlif dövlət qurumlarında keçirdiyi əməliyyatlar fonunda oradakı vəzifəli şəxslərin oğurladıqları milyonların aşkarlanması “Naxçıvan xanı” Vasif Talıbovu da gündəmə gətirib. Daha dəqiq desək, təxminən 30 ilə yaxındır Naxçıvan MR-in Ali Məclisinin sədri vəzifəsini tutan Talıbovun oğlu Seymur Talıbov haqda yayılan məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb.

KONKRET.az Seymur Talıbovun ölkənin “ən fərasətli” oğlanı olduğunu sübuta yetirən maraqlı məlumatlar əldə edib. Belə ki, 1988-ci il təvəllüdlü, 34 yaşlı Seymur Talıbovun iş və təhsildə qazandığı “uğurlar”ı sözün əsl mənasında gündəm yaradıb. Məlum olub ki, “Naxçıvan xanı”nın oğlu 2003-cü ildə orta təhsilini başa vuraraq 15 yaşında Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olunub. Belə yaşda tələbə adını qazanan Seymur Talıbovun “uğur”ları bununla yekunlaşmayıb. Belə ki, Seymur Talıbov 2007-ci ildə hüquq ixtisasının bakalavr, 2007-2010-cu illərdə isə magistr pilləsini başa vurub. Talıbovun təhsil karyerası öz “çiçəklənmə” dövrünü 2009–2010-cu illərdə Lodon City Universitetində Beynəlxalq siyasət üzrə magistr təhsili alarkən yaşayıb.

Milyonçunun ərköyün oğlunun iş karyerası da təhsildəki kimi “uğurlu” olub. Belə ki, o, 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Oxumağı özünə bir nömrəli vəzifə hesab edən Seymur Talıbov 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin “Executive Education” Liderlik və İdarəçilik proqramından məzun olub. 2014-cü ildə “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Oxuya-oxuya “iş karyerası”nı da düşünən Seymur Talıbov 2013-cü ildən NDU-da baş müəllim kimi fəaliyyət göstərib.
Atası “Naxçıvan xanı” olan oğul Talıbov bir alimin 60-70 ildə keçdiyi yolu cəmisi 20 il ərzində qət edib. Belə ki, 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti kimi fəaliyyət göstərən Seymur Talıbov 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V çağırış, 2020-ci ildə isə VI çağırış deputatı “təyin edilib”.

Beləliklə, 1988-ci ildə anadan olan və 2003-cü ildə orta məktəbi bitirən Seymur Talıbovun cəmisi 20 ilə belə bir “inkişaf yolu” keçməsi dünya tarixində misli görünməyən bir hadisə kimi Ginnesin “Rekordlar” kitabına düşməyə layiqdir. Bu baxımdan, onun Naxçıvan Ali Məclisinə deputat seçilməsi yox, məhz təyin edilməsini isə atası Vasif Talıbovun övladına “hədiyyəsi” kimi dəyərləndirilə bilər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

  • Kəmalə
    Noyabr 30, 2022 - 22:58

    Eceb edib,yaxsi edib! Hunerli oğlan idin ,20 gun bundan əvvəl yazaydin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*